"Əgər sən imtahan üçün oxuyursansa, deməli, heç nə öyrənmirsən" - Örnək - FOTO

13 Yanvar 2019 20:09

Ucqar kəndə məktəbində müəllim işləyən Mürsəl Behbudlu: "Hamı prokuror, polis olsa, bəs bizim bu torpaqları kim şumlayacaq?" 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Peşəsini sevir. Deyir ki, müəllim atdığı hər addımda işinə vicdanla yanaşmalıdır: "Hər bir sahədə tədrisdən geri qalan şagirdlər olur. Amma vicdanla yanaşanda bütün şagirdlərə nələrisə öyrətmək mümkündür. Məncə, pis şagird yoxdur, sinfi ələ ala bilməyən müəllim var".

Müsahibimiz ucqar kənd müəllimi Mürsəl Behbudludur.

Mürsəl Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının filologiya, Azərbaycan dili və Ədəbiyyatı fakültəsini bitirib. Öz ixtisasını təkmilləşdirmək üçün könüllü olaraq müxtəlif layihələrdə, proqramlarda aparıcı layihə koordinatoru və digər vəzifələrdə çalışıb. 2014-cü ildə imtahan verərək Xocavənd rayon 4 saylı tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olunub. Burada iki il işlədikdən sonra 2016-cı ildə yenidən müəllimlərin işə qəbulunda yerdəyişmə imtahanı verərək Beyləqan şəhər Salman Salmanov adına Tatarlar kənd orta məktəbində müəllim kimi çalışır.

Mürsəl deyir ki, əvvəllər özünü müəllim kimi təsəvvür etməyib: "Özümü o sahədə görə bilmirdim. Uşaqları öyrətmək mənə ağır gəlirdi. Çünki bu zaman yol verilən boşluq gələcəkdə böyük fəsadlar törədə bilər. Bu məsuliyyəti dərk edirdim və bu, məni narahat edirdi. Ancaq biliklərimi paylaşmaq, kimlərisə düzgün istiqamətə yönləndirmək kimi arzularım olub. Bu arzular məni bu sahəyə gətirdi. Müəllimlərin işə qəbulu imtahanında nəticə göstərərək Xocavənd rayon 4 saylı tam orta məktəbə düşdüm. Burada daha da uyğunlaşmağa, müəllimliyi sevməyə başladım".
 
"Gənclər ucqar kəndlərdə işləməyə hazırdırlar"
 
Həmsöhbətimiz deyir ki, onu bu sahəyə həvəsləndirən təhsil sahəsindəki islahatlardır: "Təhsil Nazirliyin apardığı xeyli islahatlar oldu və onlardan ən önəmlisi müəllimlərin işə qəbulu imtahanı idi. İşə qəbul imtahanına biz elektron sayt vasitəsi ilə sənəd verirdik. Bu imtahandan topladığımız nəticə əsasında da məktəbə müəllim təyin olunurdu. Təhsil Nazirliyinin bu istiqamətdə apardığı işlər hazırda müəllimliyə yüksək səviyyədə həvəs yaradıb. Gənclər hətta ucqar kəndlərdə belə sevə-sevə işləməyə hazırdırlar. Bu, həm müəllimliyə olan həvəs, həm də müəllimlik peşəsinin imicinin yüksəlməsi ilə bağlıdır. Mən hazırda rayon mərkəzindən 25 km məsafədə olan kənddə işləyirəm. Daha sonra diaqnostik imtahanda Təhsil Nazirliyi proporsional qaydada maaş sisteminə keçid elan etdi ki, biz artıq müəllimlərə öz biliyinə görə qiymət verəcəyik. Əvvəllər burada staj, yaş, hörmət söhbəti var idi. Müəllimlərin "sən hələ çox gəncsən, sənin çox saat təcrübən yoxdur" söhbətlərinə bununla son qoyuldu. Diaqnostik imtahanda çox bal toplamış müəllimlər daha çox dərs keçmə hüququna malikdir. Mən də bu imtahandan 50 bal topladım, 37 ixtisas yazdım. Bu hazırkı cədvəl üzrə ən yüksək pillədir".

Yuxarıda da qeyd etdiyimiz kimi Mürsəlin öyrətmək arzusu hər zaman olub. Deyir ki, danışmağın, öyrətməyin ən yaxşı yolu müəllimlikdən keçir: "İnstitutda oxuyarkən biz tez-tez intellektual yarışlarda iştirak edirdik. Həmin vaxtlar komanda şəklində oynayırdıq. Belə bir qayda var idi ki, birinci yeri tutan komanda gələn turun suallarını hazırlayır və aparıcı olurdu. Mən də komandada oynayırdım və aparıcılıq məqamı mənə çatdı. Aparıcı olanda hiss etdim ki, nəyisə izah etmək, danışmaq, kütlə qarşısında çıxış etmək həvəsim var. Öyrətməyin ən yaxşı yolu müəllimlikdən keçdiyi üçün bu sahəyə gəldim. Daha sonra bu fikirlər daha da möhkəmləndi".
 
"Müəllim nümunə olmalıdır"
 
Müəllimlik peşəsinin sirlərindən danışan həmsöhbətimiz deyir ki, müəllim dərs dediyi sinifdə ilk olaraq şagirdlərə, daha sonra əhatəsində olan bütün insanlara nümunə olmalıdır: "Biz dərsdə şagirdlərə yalnız dərsi öyrətməməliyik. Onlara dünyagörüşü aşılamalıyıq. Bizim kənd elə bir yerdə yerləşir ki, mərkəzlə əlaqə o qədər də yoxdur. Gediş-gəliş yolunun üzərində deyil. Yol da sentyabr ayından salınıb. Əvvəl yollar bərbad vəziyyətdə olduğundan insanlar rayon mərkəzinə çox gec-gec gəlirdilər. Bu da dünyagörüşündə müəyyən problemlər yaradırdı. Mövhumatçı fikirlər daha çox olurdu. İndi şagirdlərin ailədən aldıqları tərbiyəni biz məktəbdə cilalayırıq. Həm dərslər ətrafında aparılan müzakirələrdə, həm ümumi söhbətlərdə şagirdlər alternativ fikirlər görürlər. Kəndə hamı bir-birinə qohumdur. Ucqar kəndlərə şəhərdən gələn müəllimlərin təyin edilməsi çox yaxşıdır. Fərqli fikirli, dünyagörüşlü müəllim məktəbə müsbət mənada təsir edir. Əsl müəllim ilk növbədə vicdanlı olmalıdır. Hər bir sahədə tədrisdən geri qalan şagirdlər olur. Amma vicdanla yanaşanda hamıya nələrisə öyrətmək mümkündür". 

Mürsəl deyir ki, məktəblərdə müəllimlə direktorun fikirləri üst-üstə düşməlidir ki, orada uyğunluq olsun: "Yəni, işçi ilə müdriyyətin fikirləri, dünyagörüşü, ideyaları üst-üstə düşməlidir ki, orada hansısa bir inkişafdan söhbət getsin. Biz xeyli sayda tədbirlər etdik, sosial şəbəkədə səhifə yaratdıq. Mütəmadi olaraq dərsləri, tədbirləri, uğurlarımızı çəkib paylaşırdıq. Bu da məktəbin imicinin yüksəlməsində önəmli faktordur".

"Sakit dur", "danışma", "oxumursan"
 
Gənc müəllimin öz fənnini sevdirmək üçün fərqli üsulları var. Deyir ki, müəllim sinfi ələ almağı bacarmalıdır: "Şagird psixologiyasını bilmək lazımdır. Müəllim şagirdin fikrini sona qədər dinləməlidir. Əgər şagird fikirləşirsə ki, onu dinləyən bir insan var, fikirlərini komplekssiz deyə bilir. Elə şagirdlər var ki, onlar yaxşı oxumur, tədris nəticələri zəifdir, amma bəzən yaxşı fikir irəli sürürlər və o fikri dinləyən adam axtarırlar. Adətən "sən sakit dur", "danışma", "oxumursan" kimi sözlərlə şagirdlərə təzyiq göstərilir və onlar da danışmaqdan çəkinirlər. Çalışıram ki, şagirdlər öz fikirlərini ifadə edə bilsinlər. Çünki öz fikrini ifadə edən şagirddə səhv və ya düz olsa belə, müəyyən analizetmə bacarıqları formalaşır. Analizetmə bacarıqları da gələcəkdə onun müəyyən məntiqi yanaşmasını, özünə inam hissini formalaşdırır. Şagird düşünür ki, heç də hər zaman səhv danışmır. Bizim sinifdə "Dəniz", "Xəmsə" kimi müəyyən qruplarımız var. Şagirdlər arasında sağlam rəqabət var. Bütün qrupla ən yaxşı nəticəni göstərmək üçün bir-birləri ilə yarışırlar".
 
Prokuror, polis, həkim, traktorçu...
 
Mürsəl müəllim dərsdə unutmadığıvə başına gələn maraqlı hadisəni də bizimlə bölüşdü: "Birinci dərs günüm idi. Siniflə tanış olurdum. Onlara hansı peşənin sahibi olmaq istədiklərini soruşdum. Altıncı sinif şagirdləri idi. Polis, prokuror, hüquqşünas, həkim kimi fikirlər səsləndirdilər. Bir nəfərə gəlib çatanda dedi ki, müəllim mən traktorçu olmaq istəyirəm. Dedim niyə? Dedi ki, mən bayaqdan görürəm hamı polis, prokuror olmaq istəyir. Biz də kənddə yaşayırıq. Hamı prokuror, polis olsa, bəs bizim bu torpaqları kim şumlayacaq? Traktor mütləq lazımdır. Mən də traktorçu olacağam. Bu cavab məni təəccübləndirdi. Ondan sonra fikirləşdim ki, məqsəd tək oxumaq deyil, şagird həyatda düzgün istiqamət almağı bacarmalıdır. O vaxtdan indiyə qədər həmin şagirdi izləyirəm. Düzdür, dərsə davamiyyəti yaxşıdır, hər şey qaydasındadır, amma ali məktəbə qəbul olmaq kimi bir fikri yoxdur. Ona görə də onu peşəyə yönəltmək daha yaxşı olardı. Məncə, təhsildə də əsas budur ki, şagird düzgün peşə seçməyi də bacarmalıdır".

"Onlar bizi öz uğurları ilə varlı edəcəklər"
 
Gənc müəllim imkansız şagirdlərin universitetə hazırlanması üçün intellektual klub yaradıb: "2007-ci ildən Mil İntellektual Klubu adlı bir könüllü təşəbbüs qrupu yaratmışdıq. Bu klubla müxtəlif intellektual yarışlarda iştirak edib, rayonumuzu təmsil etmişik. İş elə gətirdi ki. bu klubun üzvlərinin böyük əksəriyyəti müəllim adını qazanaraq müxtəlif orta məktəblərdə əmək fəaliyyətinə başladılar. Dərs keçən zaman da ürəyimizi ağrıdan bəzi problemlər var idi. İnsanların təhsilə yanaşması bizi incidirdi. Finlandiya təhsil sistemində belə bir deviz var ki, əgər sən imtahan üçün oxuyursansa, deməli, heç nə öyrənmirsən. İnsanlarımız da bu cür düşünür, orta məktəbə tramplin kimi baxır, vaxtı gələndə isə repetitorlara müraciət edirlər. Bu, acı bir faktdır. Ancaq imkansız ailələr var idi ki, onlar oxumağa həvəsli idilər lakin repetitor tuta bilmirdilər. Özümüz işlədiyimiz məktəblərdə hər zaman bu cür şagirdlərə dəstək olmağa çalışmışıq. Ancaq rayon səviyyəsində bu cür insanlara kömək etmək, gənc müəllimləri bir yerə cəm etmək, təhsilimizə xidmət etmək üçün Mil Tədris Mərkəzi adlı bir qurumun əsasını qoyduq. Bina kirayələdik, müəllimlər cəlb etdik və təbliğata başladıq. Bu il bizim mərkəzin ilk fəaliyyət ilidir. Məsuliyyətli və ciddi kollektivimiz var. 100 nəfərə yaxın şagird mərkəzdə təhsil alır. Müxtəlif kateqoriyalı ailələr müraciət edirdilər. 2-ci sinifdən 11-ci sinfə qədər hər bir şagirdin təlim keyfiyyətinin yüksəldilməsi üçün tədris şəraitimiz var. Mərkəzimizdə 10 nəfərə yaxın şagird pulsuz təhsil alır. İnanırıq ki, onlar gələcəkdə bizi öz uğurları ilə varlı edəcəklər".

Milli.Az