Azərbaycan sayağı "Taksi"də bacı söhbəti... - FOTO

21 Dekabr 2018 10:14

Milli.Az jurnalist Bəxtiyar Umarlının müəllif layihəsi olan "Filmreview"nu (5-ci say) təqdim edir:

Ötən gün Xəzər telekanalında "Qız qaçırtma" filminin ikinci hissəsinin premyerası keçirilib. Digər kinolardan fərqli olaraq bu filmin qala gecəsi kinoteatrda deyil, Xəzər televiziyasının binasında təşkil olunub, çəkiliş heyəti Zaurun verilişində iştirak edib.

Tədbirə, demək olar ki, azərbaycanlı tanınmışların çoxu - Şəbnəm Tovuzludan tutmuş, vaynerlərə kimi dəvət edilib. Onlar jurnalistlərlə söhbət edib, şəkillər çəkdirdikdən sonra digər qonaqlarla birlikdə filmi izləyiblər.

Filmdə macəra səhnələrinə yer verilsə də, ümumilikdə komediya janrındadır. Kinonun ilk dəqiqələrində müğənni Damlanın "Can dostum" mahnısına qulaq asan qaradərili oğlan səhnəsi olayların necə əlaqələndiriləcəyinə dair maraq oyadır.

Film bacısını zənciyə ərə verən oğlanın sonradan həmin qaradərililərin biabırçı toy gecəsi adətləri barədə eşidib, onu oğlanın əlindən xilas etməsindən bəhs edir. Bütün maraqlı olaylar da elə bununla başlayır. 

Filmdə bir neçə yerdə "bacı söhbəti"nin getməsi izləyicilərin ən çox güldüyü məqamlardan olub.

Ssenariyə görə Şərəf adlı bacısını itirən oğlan onu qaytarmaq üçün əlindən gələni edir. Qız sonda keçmiş adaxlısını bağışlaya bilir.

Kinodakı səhnələrin çoxu qatarda, yay aylarında, Azərbaycanın səfalı bölgələrində çəkilib. Dronla çəkilən səhnələri uğurlu hesab etmək olar. Bəzi səhnələrdə dublyorlardan istifadə edilib. Aktyorların körpünün üstündən qatarın üstünə tullanma səhnəsi olduqca maraqlı alınıb. Tamaşaçıların həmin hissələri izləyən zaman verdikləri reaksiya da bunu deməyə əsas verir.

Bu səhnələr və eləcə də bir neçə məqam "Taksi" filmindən götürülüb. Lakin maraqlısı odur ki, film plagiat kimi yox, elə "Taksi"nin Azərbaycan versiyası kimi çəkilib. Hətta sürücü də məşhur filmin əsas obrazı olan Daniyelin bacısı oğlu kimi təqdim edilib. Məşhur filmin "qəhrəman"ına çevrilən "Peugot" avtomobili, bu kinoda da sürəti ilə digər nəqliyyat vasitələrinə meydan oxuyur. 

Filmin baş rollarına Fərda, Sevil-Sevinc bacıları və Əlibəy Məmmədli çəkilib. Kənan M.M baş rol ifaçısı olmasa da, filmin sonunda qəhrəmana çevrilir. Belə ki, o, vaqonları marşrutdan çıxıb natamam yolla hərəkət edən lokomotivdən ayırmaqla onlarla adamın həyatını xilas edir.

Həmin səhnədə Fərdanın "axır ki, Kənanın şpaqatı işə yaradı" sözü tamaşaçıları qəhqəhəyə boğub. Bu filmdə Kənan Mahmudovun elə rejissor obrazında çəkilməsi filmin bəyənilən cəhətlərindən olub.

Filmin fraqmanında da istiafə edilən "sən arvadı saxlaya bilmirsən, qatarı necə saxlayacaqsan" ifadəsi gülüş doğuran səhnələrdən idi. Danışan tutuquşu, qaradərililərin Azərbaycan dilində "qaqasayağı" danışması filmi daha da maraqlı edib.

Kinoda səs effektləri, işıqlandırmalar normaldır, insanı yormur. Musiqi kimi "Gedək oppalara", "Düşün məni" və "Taksi" filminin soundtrekinə müraciət olunub. Bəzi səhnələrdə kiçik qüsurlar, natamam kadrlar olsa da, ümumilikdə, bu vaxta qədər işlənməmiş tərzdə çəkilən "Qız qaçırtma 2" filminə baxmağa dəyər.

Milli.Az