7 cüdoçumuz beynəlxalq yarışda qələbə qazandı

6 Aprel 2010 22:14
Bakı İdman Sarayında cüdo üzrə beynəlxalq turnirə start verilib. İki dəfə sovet ittifaqı qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş yarışda ümumilkdə 181 idmançı qalib adı uğrunda mübarizə aparır.

Sayca 33-cü dəfədir keçirilən beynəlxalq turnirdə Azərbaycan cüdoçuları ilə yanaşı, Türkiyə, Gürcüstan və Rusiyadan gəlmiş idmançılar bacarığını nümayiş etdirir. İlk yarış günü oğlanlar 46, 50, 55 və 60 kiloqram çəki dərəcələrində qüvvəsini sınayıb.

Ağırlığı 46 kiloqrama qədər olan cüdoçular arasında Elnur Abbaslı qələbəni bayram edib. 50 kiloqramda isə Mehman Sabirov hamıdan güclü olub. Vüsal Şabanlı 55 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu gün tatami üzərinə çıxmış ən ağırların yarışı isə Ceyhun Qatayevin zəfəri ilə yekunlaşıb.

Turnirdə qüvvəsini sınamış xanım cüdoçuların çıxışlarına gəlincə, ağırlığı 36 kiloqrama qədər olan zəriflərin mübarizəsində Türkiyə cüdoçusu Rəbiyyət Batur bütün rəqiblərindən güclü olub. 40 kiloqramda Çinarə Quliyeva rəqib tanımayıb. Tatyana Yepifantseva və Aygün Məmmədova isə müvafiq olaraq 44 və 48 kiloqramlarda qızıl medala yiyələnib.

Qeyd edək ki, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş yarışda sabah həm oğlan, həm də qız cüdoçular tatami üzərinə çıxacaq. Oğlanlar 66, 73, 81 və 90 kiloqramda münasibətlərinə aydınlıq gətirəcək. Qızlar isə 52, 57, 63 və 70 kiloqramlarda qalib adına aydınlıq gətirəcək.

/ANS TV/