Avropa Parlamentində qəbul edilən qətnamə Azərbaycan diplomatiyasının növbəti uğurudur

14 Dekabr 2018 13:35

Avropa Parlamentinin plenar sessiyasında "Xarici fəaliyyət və təhlükəsizlik siyasəti" üzrə qətnamənin qəbul edilməsi Avropada Azərbaycanın haqq səsinin artıq eşidilməsindən xəbər verir. Bu isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilən və həyata keçirilən uzaqgörən, müdrik və qətiyyətli siyasətin nəticəsidir və ümumilikdə Azərbaycan diplomatiyasının növbəti uğurudur.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, AFFA-nın vitse-prezidenti Rauf Əliyev bildirib.

Onun sözlərinə görə, qətnamədə Avropa İttifaqı və ona üzv olan dövlətlərin reqional münaqişələrə ikili standartlarla yanaşmasını qadağan edən maddələr yer alıb:

"12 dekabr 2018-ci il tarixində Avropa Parlamenti böyük səs çoxluğu ilə "Xarici fəaliyyət və təhlükəsizlik siyasəti" üzrə qətnamə qəbul edib. Bu Qətnamə Avropa İttifaqının Xarici Siyasət istiqamətlərini müəyyən edən əsas sənəddir. Qəbul edilmiş qətnamədə Avropa İttifaqı və ona üzv olan dövlətlərin reqional münaqişələrə ikili standartlarla yanaşmasını qadağan edən maddələr yer alıb. Qətnamədə Avropa İttifaqının Şərq Tərəfdaşlıq ölkələrindəki dondurulmuş münaqişələrə eyni mövqedən münasibət bildirilməsi tələb olunur. Bu sənəddə vurğulanır ki, Şərq Tərəfdaşlığı ölkələrində dondurulmuş münaqişələrin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir.

Yekun qətnamənin müzakirəsi zamanı erməni lobbisinin təsiri altında olan bəzi deputatlar qətnamənin qəbul edilməsinə mane olmaq istəyiblər. Lakin onların bu cəhdləri baş tutmayıb. Ermənipərəst deputatlar qətnamədə xalqların öz müqəddaratının təyin edilməsi ilə bağlı maddənin daxil olunmasını təkilf etsələr də, böyük səs çoxluğu ilə təklif rədd edilib.

Bu sənəddə bütün Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədləri tanınır".

İlkin İzzət
Milli.Az