Ermənisayağı "demokratiya" - Çanaq kimin başında çatlayacaq?

10 Dekabr 2018 14:09

Ermənistanda hakimiyyət test rejiminə keçir...

Dekabrın 9-da Ermənistanda parlament seçkiləri keçirildi. Bu seçkilər ölkədə hakimiyyətin küçə eyforiyası ilə iqtidara gəlmiş Nikol Paşinyanın əlində qalması və ya yenidən köhnə iqtidarın əlinə keçməsi baxmından mühüm əhəmiyyət daşıyırdı.

Lakin seçkilərdən əvvəl də hiss olunurdu ki, verdiyi sosial-iqtisadi vədləri yerinə yetirə bilməyən Paşinyan nüfuzunun düşə biləcəyindən ciddi narahatdır. Məhz bu səbəbdən seçkilərin erkən keçirilməsi barədə qərar qəbul edildi. Elə onun lideri olduğu "Mənim addımım" blokunun dünənki parlament seçkilərində sentyabrda İrəvan meriyasına keçirilən seçkilərlə müqayisədə aşağı nəticə göstərməsi bu ehtimalı bir daha təsdiq edir.

Parlament seçkilərinin ümumi ilkin nəticələrinə gəlincə, Nikol Paşinyan və onu dəstəkləyənlər qələbə qazana bildilər. Belə ki, "Mənim addımım" bloku 70,43 (884 min 456 nəfər), oliqarx Qagik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası 8,27 (103 min 824 nəfər), Edmon Marukyanın rəhbərlik etdiyi "İşıqlı Ermənistan" isə 6,37 (80 min 24 nəfər) faiz səs toplayaraq parlamentdə təmsil olunmaq hüququq əldə ediblər. Qeyd edək ki, həm "Çiçəklənən Ermənistan", həm də "İşıqlı Ermənistan" Paşinyanın küçə inqilabına dəstək verən qüvvələr olublar.

Yəni Ermənistan parlamentində bundan sonra yalnız bu 3 siyasi qüvvə təmsil olunacaq. Digər siyasi partiyalar və bloklar isə müvafiq olaraq 5 və 7 faizlik baryeri keçə bilmədiyinə görə, autda qalıblar. Sabiq dövlət başçısı Serj Sarqsyanın rəhbərlik etdiyi Respublika Partiyası, yəni dolayısı ilə "Qarabağ klanı"nın 4,7 (59 min 59 nəfər) faiz, erməni millətçiliyinin siması hesab edilən "Daşnaksutyun" isə cəmi 3,89 (48 min 811 nəfər) faiz səs qazanıblar.

Bu nəticələrlə Nikol Paşinyanın yeni Ermənistanın Baş naziri seçiləcəyi şübhəsizdir və onun indidən qələbəni bayram etməsinə heç nə mane ola bilməz. Beləliklə, Paşinyan növbəti 5 il ərzində planlarını həyata keçirmək üçün həm də güclü parlament dəstəyinə malik olacaq. Təbii ki, əgər erməni xalqı seçkilərdə kütləvi saxtakarlığa yol verildiyini əsas gətirərək ayağa qalxmasa...

Analitik: "Ermənistanda insanlar seçkiyə şübhə ilə yanaşdıqları üçün səsverməyə getməyiblər"

Çünki seçkilərin nəticələri böyük şübhə doğurur. Belə ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyanın sözlərinə görə, seçkilərdə səsvermə hüququ olan əhalinin cəmi 48,63 faizi iştirak edib. Bu, Ermənistan tarixində indiyə qədər ən az sayda seçicinin iştirak etdiyi seçkidir. Bunun əsas səbəblərindən biri Ermənistanda insanların artıq seçkilərin nəticələrinə və demokraikliyinə öncədən şübhə ilə yanaşması, digəri isə əhalinin böyük hissəsinin ölkədə olmaması, mövcud acınacaqlı demoqrafik və sosial-iqtisadi vəziyyətə görə Ermənistanı tərk etməsidir.

Üstəgəl, təbliğat-təşviqat kampaniyası dövründə müxalifətə bərabər imkanların yaradılmaması və seçkilərdə kütləvi saxtakarlıqların olması da Paşinyanın vəd etdiyi "demokratiya"nın nə qədər dayanıqlı olduğunu göstərir. Hətta məsələ o yerə çatıb ki, hansısa məntəqədə seçkilərin normal keçirilməsi qeyri-adi bir hal kimi qəbul olunur. Lakin maraqlıdır ki, biz bununla bağlı seçkiləri müşahidə edən beynəlxalq təşkilatların ciddi bəyanatlarını görmürük. Halbuki, elə həmin təşkilatlar özünün yaxın müttəqifi hesab etdikləri və demokratiya baxımından hər halda Ermənistandan qat-qat öndə olan Gürcüstandakı son prezident seçkilərini ciddi tənqid atəşinə tutmuşdular. Böyük ehtimalla, Paşinyanı hakimiyyətə gətirənlər onların da "ağzının məxfi kodunu" yaxşı bilirlər.

Ermənistanda seçki saxtakarlığı: Faktlar AÇIQLANDI

Çox güman ki, seçkilərin nəticələri ilə razılaşmayan müxalifətin, əsasən də Respublika Partiyası və "Daşnaksutyun"un etirazları da heç bir nəticə verməyəcək. Lakin bu, o demək deyil ki, Paşinyan və onun iqtidarı tam rahatlaşa bilər. Onlar seçkilərdə qalib gəlsələr də, hakimiyyətdə uzun müddət qalmaları mümkün olmaya da bilər. Çünki küçə yürüşü ilə iqtidara gətirilən Paşinyan, küçə yürüşləri ilə də kürsüdən endirilə bilər.

Müşahidəçilərin əskəriyyətinin fikrincə, buna səbəb Paşinyanın və komandasının siyasi səriştəsizliyi, idarəçilik qabiliyyətinin olmamasıdır.

Digər tərəfdən, "Qarabağ klanı"nın Ermənistanda hakimiyyətdən uzaqlaşdırılmasından sonra Azərbaycanın işğal edilmiş ərazilərindəki separatçı rejimlə Paşinyan arasında yaranmış ziddiyyətlər daha da dərinləşə bilər. Elə bu səbəbdəndir ki, klanın öndərləri Qarabağ probleminin həllində Azərbaycanla aparılan danışıqlarda Paşinyanın yox, birbaşa qondarma rejimin tərəf kimi çıxış etməsini istəyirlər.

Paşinyanın özünün Qarabağla əlaqədar dolaşıq açıqlamaları, gah danışıqlarda separatçı rejimin iştirakını tələb etməsi, gah da məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə birbaşa söhbətlər etməsi və danışıqların aparılmasına razılıq verməsi daxildə bu məsələdə ona qarşı inamı azaldıb.  

Lakin Ermənistanda Paşinyan iqtidarının taleyini həll edəcək əsas məsələ onun sosial-iqtisadi problemlərin həlli ilə bağlı verdiyi vədlərdir. Onun bu problemlərin öhdəsindən gələcəyi o qədər də inandırıcı görünmür. Çünki Qərbin əli ilə hakimiyyətə gətirilmiş və Rusiyadan uzaqlaşmaq istiqaməti götürmüş Ermənistana bundan sonra da Moskvanın əvvəlki kimi qayğı göstərəcəyi şübhə doğurur. Əksinə, Rusiya Ermənistana və onun rəhbərliyinə təzyiqi artıracaq. Çünki nə qədər ki, Paşinyan iqtidarda tam möhkənməmişdi, Moskvada müəyyən dəyişikliklərin olacağına ümidlər var idi. Lakin indi Ermənistanın hansı yolla gedəcəyi artıq bəllidir. Ona görə də ölkədə əsas iqtisadi rıçaqların Rusiyanın əlində olduğunu nəzərə alsaq, Paşinyanın bu təzyiqlərə tab gətirməsi asan olmayacaq. Belə olan halda Qərb öz "övladı"na açıq-aşkar sahib çıxmaq məcburiyyətində qalacaq. Lakin seçkilərin qeyri-demokratikliyinə göz yumması Qərbin özünə də ucuz başa gəlməyəcək. Üstəlik, bu, Ermənistan uğrunda Qərb-Rusiya qarşıdurmasını daha da gücləndirəcək. Bu soyuq müharibə poliqonunda qurban isə səfil gününə düşmüş erməni xalqı olacaq. Lakin bu, nə Qərbi, nə də Rusiyanı çox maraqlandırır. Əsas onların öz istəklərinə nail olması və Ermənistanı öz marionetləri vasitəsilə istədiyi kimi idarə etməsidir.

Qısası, Paşinyan hakimiyyəti bundan sonra test rejiminə keçir... Xalqın üzərində aparılan bu sınağın nəticəsində çanaq ya Paşinyanın başında çatlayacaq, ya da erməni xalqının... Nəticə isə güman ki, özünü çox gözlətməyəcək...

İlkin İzzət
Milli.Az