Paris: “Yaşıl jilet”lilər etirazçıları dəstəkləyirlər - FOTO

8 Dekabr 2018 23:46

Fransanın yüzdən çox şəhərində "Yaşıl jilet"lilər iqlim dəyişikliyi ilə əlaqədar etiraz yürüşü ediblər. Parisdə "Sarı jilet"lilərin də qoşulduqları dinc aksiyanın iştirakçıları paytaxtın şərqində "Nation" meydanından "Republique" meydanına yürüş ediblər. "Yaşıl jilet"lilər "Sarı jilet"liləri dəstəklədiklərini bildiriblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yanacaq vergisinin artırılmasına qarşı Parisin mərkəzində keçirilən aksiyada 31 min "Sarı jilet"li iştirak edib.

Dindirilən aksiyaçıların sayı 737-yə çatıb. Onlardan 551-i müvəqqəti saxlama məntəqələrinə yerləşdirilib. Rəsmi məlumatlara görə 55 nəfər xəsarət alıb.

Parisdəki aksiya zamanı polis gözyaşardıcı qazdan və təzyiqli sudan istifadə edib. Paytaxtın bəzi məhəllələrində ictimai iaşə müəssisələrinin vitrinləri sındırılsa da, ümumilikdə aksiyanın sakit keçdiyi bildirilir. Əyalətlərdə də "Sarı jilet"lilərlə polis arasında qarşıdurmaların baş verdiyi barədə məlumatlar yayılıb.

Milli.Az