"Qarabağ"la oyun öncəsi "Arsenal"ın daha bir futbolçusu zədələndi

8 Dekabr 2018 22:02

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Arsenal" İngiltərə Premyer Liqasının XVI turu çərçivəsində "Emireyts" stadionunda "Hadersfild Taun"u qəbul edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, doqquz sarı vərəqənin göstərildiyi görüşdə London klubu qələbə qolunu 83-cü dəqiqədə vura bilib.

Qabonlu Pyer-Emerik Obameyanqın ötürməsini uruqvaylı Lukas Toreyra qayçıvarı zərbə ilə qapıdan keçirib. Bununla da "Arsenal"ın bütün turnirlər nəzərə alınmaqla məğlubedilməz oyunlar seriyası 21-ə çatıb.

Onu da bildirək ki, "Arsenal"ın daha bir futbolçusu "Qarabağ"la oyun öncəsi zədələnib. Alban əsilli almaniyalı mərkəz müdafiəçisi Şkodran Mustafi zədələnərək yerini 67-ci dəqiqədə ispaniyalı Naço Monreala verib. Bu, ispaniyalı müdafiəçinin zədədən sonra ilk matçı olub.

Qeyd edək ki, "Arsenal" - "Qarabağ" matçı dekabrın 13-də Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək. İki tur əvvəl pley-offu, bir tur əvvəl isə qrup birinciliyini təmin etmiş "topçular" üçün bu matç formal xarakter daşısa da, "Qarabağ" üçün qrupda III yeri tutmaq üçün sonuncu imkan sayılır.

Milli.Az