Süni qida terroru: Kökünü kəsmək mümkün deyil - Baş pediatr

8 Dekabr 2018 19:12

"Ana dərk etməlidir ki, körpəsini südü ilə qidalandırmırsa, inək südü, yaxud onun bazasında hazırlanmış süni qida qatışıqları verirsə, uşağı çox böyük risklər, xəstəliklər qarşısında qoymuş olur".

Milli.Az medicina.az-a istinadən bildirir ki, bunu tibb elmləri doktoru, professor K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bildirib.

Ölüm hallarında uşaqlarının ana südündən məhrum edilməsinin də çox ciddi rol oynadığını qeyd edən baş pediatr deyib ki, hər bir canlının öz balası üçün hasil etdiyi süd maksimum spesifik və maksimum adekvatdır: "Körpələrin və erkən yaşlı uşaqların qidalandırılması haqqında" qanunun üçüncü bölməsi bütövlükdə ölkəyə gətirilən süni qida qarışıqlarının satılması və yayılmasına dövlət nəzarətinin təmin olunmasından bəhs edir. Azərbaycanda bu gün demək olar ki, dövlət tibb müəssisələrində, dövlət telekanallarında bu məsələyə riayət olunur. Amma çox təəssüf ki, özəl telekanallarda, digər KİV-lərdə bu qanunu pozmağa cəhdlər olur. Bunun üçün də Nazirlər Kabineti qanunda göstərildiyi kimi tədbirlər görməlidir. Lakin indiki ədalət naminə bir məqamı da qeyd etmək lazımdır. İndi Bakı və respublikanın digər yerlərində süni uşaq qidaları ilə bağlı heç bir reklam lövhəsinə rast gəlmək mümkün deyil. Amma 1990-cı illərdə hər yerdə böyük reklam plakatları asmışdılar ki, filan süni qida belə yaxşıdır. Hətta SSRİ zamanında da belə reklamlar var idi. İndi həmin reklamlar yığışdırılıb. Ancaq təəssüf olsun ki, bəzi özəl telekanalları, KİV-lər bu sahədə pozuntulara yol verirlər. Təbii ki, Səhiyyə Nazirliyi bununla bağlı xəbərdarlıq edir, lakin bu reklamların tam kökünü kəsmək mümkün deyil. Dünyada da mümkün deyil. Çünki süni qidalar istehsal edən şirkətlərin imkanları geniş, maliyyə imkanları genişdir və bundan da istifadə edirlər. Ona görə də hər şey insanın öz əlindədir. Əgər ana uşağı döşdən ayırıb süni qida vermək istəyirsə, bunun qarşısını kim almalıdır? Ana  özü bunu dərk etməlidir. Cəmiyyətin ümumi təsiri, birgə fəaliyyəti nəticəsində bu problem aradan qaldırıla bilər".

Milli.Az