Millət vəkili: "Tələb etməliyik ki, Rusiya tərəfi Zatulinin hərəkətlərinə lazımi siyasi qiymət versin"

7 Dekabr 2018 13:50

Bu gün Rusiya-Azərbaycan münasibətləri yüksələn istiqamətdə, strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir. Ölkə prezidentlərinin mütəmadi qarşılıqlı səfərləri, görüşləri bunu bir daha göstərir. Lakin təəssüflər olsun ki, bəzi qüvvələr Rusiya-Azərbaycan münasibətlərinə təsir göstərməyə çalışırlar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev parlamentin bu gün keçirilən iclasında Rusiya Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin Yerevanda keçirilmiş Rusiya-Ermənistan "Lazarev klubu"nun ilk iclasında fikirlərinə münasibət bildirərkən deyib.

B.Əliyevin sözlərinə görə, bir dəstə ermənini Moskvadan Yerevana gətirərək, "Lazarev klubu"na Robert Koçaryanı və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejiminin "rəhbər"i kimi təqdim olunan Bako Saakyanı dəvət edərək hər hansı görüntü yaratmağa çalışan K.Zatulin qeyd edir ki, ilk dəfə Dağlıq Qarabağa 1994-cü ildə Robert Koçaryanla bir vertolyotda gəlib:

"Təsəvvür edin ki, bu adam ağır cinayətlərdə iştirak etmiş şəxslə Dağlıq Qarabağa gəlir və bu gün bəyan edir ki, Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmaq olmaz, Ermənistan yalnız Dağlıq Qarabağın müstəqilliyi uğrunda mübarizə aparmalıdır. Bununla da o, Düşənbədə əldə olunmuş razılığa və Rusiya Prezidentinin təşəbbüsü ilə aparılan işlərə kölgə salmağa cəhd edir".

Millət vəkili qeyd edib ki, K.Zatulin bu ilin yazında Yerevanda Nikol Paşinyana qarşı şüarlarla çıxış edib, indi isə guya Rusiya-Ermənistan münasibətlərini düzəltməyə çalışır: "Bu gün Ermənistanda rus millətindən olan 3-4 min insan qalıb, halbuki vaxtilə Ermənistanda 100 mindən artıq rus yaşayıb. Onlar hamısı çıxıb gedib, qalanlar isə iş adamlarıdır. Reallıq bundan ibarətdir ki, bu gün Ermənistanda siyasi rejim dəyişir və bu fürsətdən istifadə edərək Zatulin və onun kimi hər zaman fürsətdən istifadə etmək istəyənlər yenə də öz məqsədlərini güdürlər".

Deputat vurğulayıb ki, bu cür hərəkətlərə Rusiya tərəfindən də münasibət bildirilməlidir: "Biz tələb etməliyik ki, Rusiya tərəfi Zatulinin hərəkətlərinə lazımi siyasi qiymət versin".

Milli.Az