Bakıda qəzaya uğrayan avtobusda xəsarət alanların ADLARI və VƏZİYYƏTİ - YENİLƏNİB - FOTO

7 Dekabr 2018 12:33

12:33

Bakıda məktəblilərin olduğu avtobusun qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bu gün səhər saatlarında Qobu qəsəbəsində qəzaya uğrayan avtobusda 10 şagird və bir neçə valideyn olub. Onlardan 2004-cü il təvəllüdlü Əsgərov Mehman Cəbrayıl oğlu, 1989-cu il təvəllüdlü Məmmədova Nümunə Əlikram qızı və 1952-ci il təvəllüdlü Əkbərova Zöhrə Niftalı qızı ciddi xəsarət aldığı üçün 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Yaralıların vəziyyəti ilə bağlı xəstəxanadan Trend-ə verilən məlumata görə, hər üç şəxs kəllə-beyin travması ilə daxil olub. Şagirdin (Əsgərov Mehman Cəbrayıl oğlu) vəziyyəti daha ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Xatırladaq ki, dekabrın 7-də saat 07:45 radələrində Qobu qəsəbəsindən şəhər istiqamətində gələn yolda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Binəqədi rayonu, 217 nömrəli tam orta məktəbin şagirdlərinin də olduğu avtobus qəzaya uğrayıb.

Qəza zamanı nəqliyyat vasitəsində 10 şagird və bir neçə valideyn olub.

----------
12:01

Dekabrın 7-də saat 07:45 radələrində Qobu qəsəbəsindən şəhər istiqamətində gələn yolda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 217 nömrəli tam orta məktəbin şagirdlərinin də olduğu avtobus qəzaya uğrayıb.

Milli.Az xəbər verir ki, 217 nömrəli tam orta məktəbdən Trend-ə verilən məlumata görə, qəza zamanı nəqliyyat vasitəsində 10 şagird və bir neçə valideyn olub. Onlardan 2 şagird və 2 valideyn daha ciddi xəsarət aldığı üçün təcili xəstəxanaya yerləşdirilib. 1 şagird və 1 valideynə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəza zamanı xəsarət alanlar 1 saylı Şəhər Klinik Xəstaxanasına və Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

Onu da qeyd edək ki, ilkin məlumata əsasən, nəqliyyat vasitəsi valideynlərin təşəbbüsü ilə Qobu qəsəbəsindən 217 nömrəli tam orta məktəbə şagirdlərin aparılıb-gətirilməsi üçün sifariş olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, İdarənin əməkdaşları xəstəxanada olub, xəsarət almış şagirdlərin vəziyyəti ilə maraqlanıblar.

BŞTİ-dən onu da bildiriblər ki, aparılan araşdırmanın nəticələrinə uyğun olaraq, əlavə məlumat veriləcək.

Milli.Az