Brexit prosesi hazırda nə vəziyyətdədir?

6 Dekabr 2018 21:19

Britaniyanın Baş naziri, Theresa May özünün Brexit planının qüvvədə qalması üçün mübarizə aparır.

Bu planın parlamentdə səsverməyə çıxarılmasına bir həftədən də az vaxt qalıb - parlament üzvləri Avropa İttifaqı ilə uzun sürən danışıqlar nəticəsində hazırlanmış bu plana ya səs verib təsdiqləməli, ya da ki, onu rədd etməlidirlər.

Dekabrın 11-nə təyin olunmuş "mühüm səsvermə" ərəfəsində Britaniya parlamentində 5 gün çəkən parlament debatları marafonu başlayıb.

Çərşənbə axşamı günü keçirilmiş debatlar höküməti məğlub və əzilmiş duruma salıb.

Çərşənbə günü keçirilmiş debatların fokusu isə təhlükəsizlik və immiqrasiya məsələləri olub.

Debatların gedişində getdikcə daha çox yer alan ümumi rəyə görə, parlament üzvlərinin Brexit planını rədd edəcəkləri ehtimalı artmaqdadır

Hökümət hansı məsələlərdə məğlub edilib?

BBC-nin siyasi redaktoru Laura Kuenssberg-in qeyd etdiyi kimi, çərşənbə axşamı Baş nazir Theresa May üç dəfə məğlubiyyətə uğrayıb və bu, parlamentdə təmsil olunan bütün partiyaların nümayəndələrinin iştirakı ilə baş verib. Laura Kuenssberg-in qeyd edir ki, hökümət hələ belə məğlubiyyətə 1970-ci illərdən bəri uğramamışdı.

Theresa MayTheresa May höküməti üsyançı deputatlara qalib gəlməyə səy göstərir.

Belə ki, hökümət Brexit-lə bağlı Baş prokurorun verdiyi hüquq məsləhətini tam həcmdə dərc etməyə məcbur olunub.

Həmin məsləhətin yalnız xülasəsinin dərc olunmasını isə deputatlar Parlamentə hörmətsizlik kimi qiymətləndiriblər.

Theresa May-in bu məsələyə yalnız dar çərçivəli parlament komitəsində baxılmasına nail olmaq məqsədilə göstərdiyi cəhdlər də uğursuzluqla nəticələndi.

Buna qədər, hökümət prokurorun icmalını tam həcmdə dərc olunmasına müqavimət göstərirdi, lakin hökümətin bu hərəkəti deputatların qəzəbinə səbəb oldu - onlar deyirdilər ki, nəyə səs verəcəklərini anlamaq istəyirlər. Xüsusilə, Şimali İrlandiya ilə bağlı sərhəd problemilə bağlı.

Daha bir vacib məqam ondan ibarətdir ki, İcmalar Palatası Theresa May-in layihəsi rədd olunacağı təqdirdə hadisələrin necə inkişaf edəcəyini müəyyən etmək hüququnu parlamentə verib.

Brexit sövdələşməsində nə deyilir?

Britaniya-Aİ razılaşmasında qeyd olunan əsas məsələlər aşağdakılardır:

Britaniya ilə Aİ arasında ticarət müqaviləsinin razılaşdırılması və bizneslərə yeni rejimə uyğunlaşmaq üçün 2020-ci ilin dekabrın 31-dək keçid dövrü müəyyən edilib.

Daha bir sənəd isə gələcək Britaniya-Aİ münasibətlərinin çərçivəsini müəyyən edib.

Sövdələşməni Britaniya Parlamenti bəyənəcəkmi?

İndi bunun ehtimalı getdikcə azalır.

Theresa May-in Mühafizəkarlar partiyasının ümumi yer sayı 650 olan parlamentdə 315 parlament üzvü var, hökümət həm də Şimali İrlandiya İttifaqçı Partiyasının da (DUP) parlamentdəki 10 təmsilçisinin səslərinə arxalanır.

Lakin müxalifətin bütövlükdə sövdələşmə əleyhinə səs verəcəyi gözlənilir - və hətta Theresa May-in partiyası daxilində də çoxlarının üsyançılara qoşulacağı ehtimal olunur.

"Bu, Brexit deyil. Bu, hökümət siyasətinin iflasıdır. Bu, rədd edilməlidir", - Brexit tərəfdarı olan Mühafizəkarlardan olan deputat Jacob Rees-Mogg deyib.

Britaniya parlamenti Theresa May-in layihəsini dəstəkləyəcək ya rədd edəcək?Britaniya parlamenti Theresa May-in layihəsini dəstəkləyəcək, ya rədd edəcək?

O deyib ki, Mühafizəkarlardan olan 100-dək deputat ehtimal ki, sövdələşmənin əleyhinə səs verə bilər.

Keçmiş Təhsil naziri Justine Greening isə indiki durum barədə bunları söyləyib: "Parlament çıxılmaz vəziyyətə düşüb. Həqiqət budur."

Parlament sövdələşməni rədd etsə, nə olacaq?

Hökümət parlamentin təsdiqindən keçməmiş sövdələşməni qanun qüvvəsinə sala bilməz.

Bu isə ona gətirib çıxaracaq ki, 2019-cu il martın 29-da Britaniya Aİ-ni heç bir sövdələşmə, müqavilə-filan olmadan tərk edəcək.

Lakin həmin vaxta qədərki hadisələr də maraqlıdır.

Layihə parlamentdən keçməsə, hökümət, maliyyə bazarlarının buna mənfi reaksiyasına istinad edərək sözügedən layihəni yenidən parlamentin baxılmasına təqdim edə bilər.

Bu arada isə ana müxalifət olan Leyboristlər Theresa May-in istefası və yeni parlament seçkilərinin keçirilməsi üçün hərəkətə keçə bilər.

Theresa May və Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker - Brüssel, 21 noyabr 2018Theresa May Aİ ilə danışıqları davam etdirmək üçün yenidən Brüsselə qayıda da bilər

Mühafizəkar deputatlar Theresa May-in partiyaya rəhbərlik etməsinin artıq mümkünsüz olduğu barədə qərar qəbul edə bilərlər.

Theresa May Aİ ilə danışıqları davam etdirmək üçün yenidən Brüsselə də qayıda bilər - baxmayaraq ki, Aİ liderləri bunun artıq mümkünsüz olduğunu bildiriblər.

O, eləcə də 29 mart 2019 ayrılma tarixini uzatmağı xahiş edə bilər - amma bunun üçün Aİ-nin bütün 27 üzvünün hər birinin razılığını almaq lazım gələcək.

Nəhayət, daha bir Brexit referendumu keçirilə bilər.

Parlament, 11 dekabr səsverməsi hökümətin məğlubiyyətilə bitəcəyi halda, bundan sonra baş verə biləcək hadisələrə nəzarət etmək səlahiyyətini tələb edə bilər.

Beləliklə, Theresa May həmin səsverməni uduzsa, Brexit-in gələcəyi artıq ondan asılı olmaya bilər.

Milli.Az