Yeni Kaledoniyada zəlzələdən sonra sunami təhlükəsi elan olunub

5 Dekabr 2018 08:55

Fransanın Yeni Kaledoniya ərazisində 7,6 bal gücündə zəlzələ olub.

Trend-in ABŞ-ın Geoloji Xidmətinə istinadən verdiyi məlumata əsasən, hadisə UTC vaxtı ilə 04:18-də baş verib. Zəlzələnin episentri Tadin şəhərində 153 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağının dərinliyi 10 kilometr olub.

Yeni Kaledoniya sahillərində baş verən zəlzələdən sonra sunami təhlükəsi elan olunub.

Təhlükəni Sakit okean Sunami Xəbərdarlıq Mərkəzi elan edib. Qeyd olunur ki, sunami Yeni Kaledoniyaya aid olan Luayote adası yaxınlığında baş verə bilər.

Yeni Kaledoniya - Sakit okeanın cənub-qərb hissəsində adalar qrupu. Melaneziyada Fransanın mülkü, dənizaşırı ərazisi, Sakit okeanda yerləşən Yeni Kaledoniya adası, Luayote və Çesterfild adaları, Pen adası və s. kiçik adalardan ibarətdir.

Milli.Az