Savabını hesablamaq mümkün olmayan ibadət

6 Dekabr 2018 22:15

Həzrət Peyğəmbər (s) gecə namazının əhəmiyyəti haqqında buyurur: "Hər bəndə - istər qadın olsun, istərsə də kişi ki, gecə namazı ruzisi olar, Allah Təalaya ixlas üzündən yerindən qalxarsa, kamil dəstəmaz alıb, düzgün niyyət, pak qəlb, müti bədən və ağlar gözləri ilə Allah Təala üçün namaz qılarsa, Allah Təala onun arxasında 9 dəstə mələk qərar verər. Bu dəstədə olan mələklərin sayını Allah Təaladan başqası bilməz. Dəstənin bir tərəfi şərqdə olar, biri tərəfi qərbdə. Namazdan ayrılan zaman o mələklərin sayı qədər onun  üçün dərəcə və məqam yazılar".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Qurani-Kərim bu dəyərli ibadət barəsində buyurur: "Çünki gecə vaxtı edilən ibadət daha möhkəm və daha sabitdir, danışıq baxımından da daha düzgün və daha əlverişlidir". ("Muzzəmmil" 6).

"(Gecənin qaranlığında) Yataqlarından qalxar, Rəbbini qorxu ilə və umaraq çağırarlar və ruzi olaraq onlara verdiklərimizdən (elm, məqam və mal-dövlətdən ehtiyacı olanlara) sərf edərlər. Etdikləri işlərin mükafatı olaraq onlar üçün gözlərə işıq gətirən nələrin gizlədildiyini heç kəs bilməz!". ("Səcdə" 16-17).

Həzrət Peyğəmbər (s) gecə namazı barəsində buyurur: "Cəbrayil (ə) davamlı olaraq mənə gecə oyaq qalmağı tövsiyə edir. O qədər ki, güman edirdim, ümmətimin yaxşı insanları gecənin az bir hissəsindən başqasını heç vaxt yata bilməzlər".

Milli.Az