Plastik torbaların ödənişli satışına keçid üçün hazırlıq işlərinə başlanıldı

30 Noyabr 2018 15:50

"Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması istiqamətində məqsədyönlü tədbirlərin görülməsinə başlanılıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev deyib.

Onun sözlərinə görə, ölkəmizdə də geniş istifadə olunan plastik torbaların ödənişli satışına keçid üçün hazırlıq işlərinə başlanılıb. Bununla bağlı müvafiq istehsalçılarla görüş keçirilib və onlar tərəfindən təqdim olunan təkliflərə də baxılacaq.

Problemin aktuallığını nəzərə alaraq plastik qablaşdırma tullantılarının idarə olunmasının yaxşılaşdırılması və bu tullantıların toplanması işlərinin düzgün təşkili və təbliği məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə başlanılan maarifləndirmə tədbirləri hazırda davam edir. Bu tullantıların digər tullantılardan ayrıca toplanması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə ölkə üzrə xüsusi konteynerlərin yerləşdirilməsi işlərinə başlanılıb.

M.Nəbiyev qeyd edib ki, plastik tullantıların ətraf mühitə təsirinin azaldılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə başlanılan kampaniya çərçivəsində ümumilikdə 35 şəhər və rayon üzrə plastik qabların toplanması və çeşidlənməsi üçün 130-dan çox konteyner yerləşdirilib: "Sevindirici haldır ki, artıq yerli İcra Hakimiyyəti orqanları, Mənzil kommunal təsərrüfatı birliyi idarələri, bələdiyyələr, yerli sahibkarlar, iri sənaye müəssisələri də bu təşəbbüsə dəstək verməyə başlayıb. Təşəbbüsün ilkin mərhələsində məqsədimiz tərəfimizdən başlanılan bu işin digər aidiyyəti qurumlar tərəfindən davam etdirilməsi olub".

O əlavə edib ki, hazırda bir çox inkişaf etmiş ölkələrdə plastik qablaşdırıcılardan istifadənin azaldılması və ya qadağan olunması istiqamətində müvafiq işlər aparılır. Bir çox ölkələrdə bu məqsədlə plastik torbalardan istifadənin məhdudlaşdırılması istiqamətində əsas tədbir kimi plastik torbaların ödənişli olması və ya ekoloji vergi tətbiqindən istifadə edilir. Bununla yanaşı kağız, pambıq, kətan torbalardan, istifadə edilməsinin təşviqi də görülən tədbirlər sırasındadır:

"Qalınlığı 50 mikrondan az olan plastik torbalar dünyada, o cümlədən Azərbaycanda istehlak edilən plastik torbaların mühüm bir hissəsini təşkil edir. Bu cür torbalar nisbətən qalın plastik torbalarla müqayisədə daha az təkrar istifadə olunmaqla yanaşı, ətraf mühitin çirklənməsində daha böyük rol oynayır. Kommersiya baxımından cəlbedici olmasına baxmayaraq, yüngül çəkili plastik torbaların bioloji çürüməyə qarşı davamlı olması və beləliklə də təbiətdə yığılıb qalması onların ətraf mühitdə miqdarının sürətlə artmasına səbəb olur. Qısamüddətli istifadədən sonra tullantıya çevrilən plastik torbalar təbiətdə yüz illər ərzində hissələrə parçalanmış formada qala bilir. Belə torbaların olduqca yüksək və hələ də artan sürətlə istifadəsi arzuedilməz hesab edilir".

M.Nəbiyev qeyd edib ki, region ölkələrində də plastik tullantıların azaldılması məqsədilə bir sıra tədbirlər görülüb. Türkiyədə ilkin mərhələdə bütün satış nöqtələrində qalınlığı 15-50 mikron olan plastik torbaların istifadəçilər və ya istehlakçılara pulsuz verilməsi qadağan olunub. Gürcüstanda qalınlığı 15 mikrondan az olan plastik torbaların idxalı, istehsalı və satışı qadağan edilib.

Milli.Az