"Türkiyə Baş nazirinin ABŞ-da keçirəcəyi görüşlərdə Dağlıq Qarabağın prioritet mövzu olacağına inanırıq"
6 Aprel 2010 14:31
"Gözləntimiz ondan ibarətdir ki, ABŞ Prezidenti Minsk qrupu həmsədrlərinin birini təmsil edən ölkənin başçısıdır və Ermənistanı konstruktiv mövqeyə gətirmək məqsədilə rəsmi Yerevana Dağlıq Qarabağ məsələsində öz prinsipsiz işğalçı mövqeyindən əl çəkməyə məcbur etsinlər, ona təzyiq göstərsinlər", - Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyası məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
Türkiyə Baş nazirinin ABŞ-a səfəri aprelin 12-13-nə planlaşdırılıb.
Həsənov deyib ki, bölgədə barışın yaranması Türkiyə - Ermənistan arasında sərhədlərin açılması, diplomatik əlaqələrin bərpası, ümumiyyətlə, regionda normal əməkdaşlıq şəraitinin yaranması, ilk növbədə, Ermənistanın işğalçı mövqeyindən əl çəkməsindən, Cənubi Qafqazda bütün nəqliyyat, informasiya dəhlizlərinin bərpa olunmasından keçir.
"Düşünürük ki, ABŞ və Türkiyənin orada iştirak edəcək Baş naziri bu məsələni gündəmin birinci məsələsi sırasında qaldıracaq və hansısa bir mexanizmlə Ermənistan prezidentinə təzyiq göstərəcəklər", - Prezident Administrasiyasının şöbə müdiri deyib.
/Trend/