Astarada canavarlar məktəblilərə hücum etdi: 7 nəfər yaralanıb - FOTO

29 Noyabr 2018 12:27

Astara rayonunda canavarlar məktəblilərə hücum edib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Şüvü kəndində baş verib.

Belə ki, bu gün səhər saatlarında məktəbə gedən şagirdvə valideynlər canavarların hücumuna məruz qalıb. Hadisə zamanı 4-ü məktəbli olmaqla 7 nəfər xəsarət alıb.

İlkin məlumatlara görə, 1993-cü il təvəllüdlü Jalə Firudinzadə övladı Rəvan Abdullayevi məktəbə apararkən canavarın hücumuna məruz qalıblar. Bu zaman J.Firudinzadə oğlunu qorumaq üçün canavrın önünə atlayıb və canavar 25 yaşlı qadını dişləyərək yaralayıb. Qadın övladının üstünə uzanaraq onu canavardan qoruyub və canavar onun bədənin müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Qadının hərəkətsiz uzandığını görən canavar digər məktəblilərə hücum edib. Bu zaman məktəbə gedən, 2007-ci il təvəllüdlü Lalə Əşrəfova və 2004-cü il təvəllüdlü Rafiq Baxşıyev, kənd sakini, 1974-cü il təvəllüdlü Malik Ağayev yırtıcıların hücumuna məruz qalıblar. 

Analoji hadisə rayonun digər kəndlərində də baş verib.

Belə ki, rayonun Sekaşan kənd sakini, 1993-cü il təvəllüdlü Günəş Şöyüb qızı Şahmuradova və Zingüləş kənd sakini 2009-cu il təvəllüdlü Şənlik Qoşqar oğlu Rəcəbov və 1978-ci il təvəllüdlü Tofiq Qəribxan oğlu Əsgərov canavarın hücumuna məruz qalıb. T.Əsgərov bıçaqla canavarı öldürüb və ağır bədən xəsarətləri alıb. 

Astara rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralılar əməliyyat edilib, yaraları tikilib və quduzluq əleyhinə vaksinlər vurulub. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.  

Milli.Az