AFFA 6 komandaya cəza yağdırdı
6 Aprel 2010 14:01
Milli.Az xəbər portalı Peşəkar Futbol Lqiasının internet saytına istinadən xəbər verir ki, turun "Neftçi" - "Qəbələ" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat, oyunun 63-cü dəqiqəsində meydançaya kənar əşya atıldığı üçün meydan sahibi 2000 manat cərimə olunub. Oyun bitdikdən sonra "Neftçi" klubunun futbolçusu Rail Məlikovla "Qəbələ"nin oyunçusu Revaz Getsadze bir-birini vurduğuna görə hər iki futbolçu 2 oyunluq cəzalanır, klublar 2000 manat cərimə olunurlar. Futbolçulara verilmiş cəzanın yarısı (1 oyun) şərti olaraq tətbiq ediləcəkdir. Yəni futbolçu 6 ay müddətində qayda pozuntusuna yol verərsə, sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunur və yeni sanksiya əvvəlki sanksiyaya tam şəkildə əlavə olunur.
Unibank Premyer Liqasının XXVI turunun "Karvan" - "Standard" matçının 84-cü dəqiqəsində "Karvan" klubunun futbolçusu Emin Quliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunur. Oyun başa çatdıqdan sonra "Karvan" klubunun futbolçusu Zaur Ramazanov hakimi təhqir etdiyinə görə futbolçu 2 oyunluq cəzalandırılıb, kluba isə 2000 manat cərimə tətbiq edilib.
"İnter" - "Bakı" oyununda "Bakı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Milli.Az