Markovun ehtimalı, Poqosyanın şantajı.... - Qalmaqal

22 Noyabr 2018 21:06

Ermənistanın KTMT-dən çıxmaq kimi bir lüksü yoxdur.

Milli.Az bildirir ki, bu sözləri Axar.az-a Ermənistanın KTMT-dən xaric edilməsi ehtimalını şərh edən analitik Elçin Mirzəbəyli deyib. O, bildirib ki, rusiyalı politoloq Sergey Mixaylovun Ermənistanın KTMT-dən çıxarılması məsələsinin gündəmə gələ biləcəyini istisna etməməsi bir ehtimal, Ermənistan prezidentinin müşavirinin eyni məsələ ilə bağlı açıqlaması isə şantajdır:

"Çünki müşavirlik postu elədir ki, sonradan verilən açıqlamanın təkzib olunması mümkündür. Yəni prezidentin müşaviri faktiki Ermənistanın mövcud hakimiyyət strukturuna uyğun olaraq bu ölkənin rəsmi dövlət orqanlarını təmsil etmir. O, sadəcə bu və ya digər məsələ ilə bağlı fikirlərini səsləndirə bilər. Ancaq Ermənistanın KTMT-dəki vəziyyəti onsuz da acınacaqlı durumdadır. Bu ölkənin yürütdüyü manipulyativ xarici siyasət nəticə etibarilə təkcə Azərbaycanın KTMT-dəki dostlarını deyil, eyni zamanda, Ermənistanın ənənəvi müttəfiqi Rusiyanı da qəzəbləndirib. Bu aspektdən də Ermənistanla bağlı KTMT-də müəyyən addımların atılması mümkündür. Bunun nəticə etibarilə Ermənistanın qurumdan kənarlaşdırılmasına gətirib çıxarıb-çıxarmayacağı indinin müzakirə mövzusu deyil. Hazırda səsləndirilən bütün bəyanatlar dekabrın 6-na qədər olan müddətə hesablanıb. Yəni Ermənistan bu müddət ərzində Rusiyanın təşkilatdakı dominant mövqeyindən gizli istifadə edərək, müəyyən dəyişikliklərə nail olmağa və təbii ki, təhlükəsizliyi üçün ciddi təhdid yaradan son prosesləri müəyyən qədər məcrasına qoymağa cəhd göstərir. Çünki seçkiqabağı belə faktın baş verməsi Ermənistanın indiki hakimiyyətinin faktiki olaraq öz mövqelərini tamamilə itirməsinə gətirib çıxara bilər. Ermənistanın isə KTMT-dən çıxmaq kimi bir lüksü yoxdur".

Analitik sözügedən məsələ ilə bağlı iki variantı göz önünə gətirib:

"Hər halda ən yaxşı və ən pis variantları nəzərə almalıyıq. Birincisi, Ermənistan həqiqətən də KTMT-dən uzaqlaşdırılır və ya uzaqlaşır. Bundan sonra ölkənin əməkdaşlığı yalnız Rusiya-Ermənistan münasibətləri müstəvisində davam edir. İki dövlət arasında hərbi birləşmələrin yaradılması ilə bağlı anlaşma imzalanıb. Rusiya hərbi bazaları Ermənistandadır və belə olan halda bütün məsələlər Rusiya-Ermənistan çərçivəsində həll olunur. Belə ki, artıq burada KTMT üzvü olan digər dövlətlərin iştirakı mümkünsüz olur. Bu, təbii ki, ehtimal olunan bir versiyadır və baş tutub-tutmayacağı mübahisə doğura bilər. İkincisi, Rusiya həqiqətən də indiki davranışlarında səmimidir. Eyni zamanda, Azərbaycana dost olan digər dövlətlər də həqiqətən yola ölkəmizlə birgə davam etmək istəyir, Cənubi Qafqazdakı münaqişələrin həllini və normal əməkdaşlıq istəyirlər. Bu kontekstdən də Ermənistana təzyiqlərini davam etdirmək niyyətindədirlər. Bu da ehtimal olunan variantlardan biridir. İndiki halda Belarus və Qazaxıstan Azərbaycana dost, strateji müttəfiq sayılan dövlətlərdir. Minsk və Astananın mövqeyi KTMT və bütövlükdə MDB məkanında kifayət qədər böyük əhəmiyyət daşıyır. Ancaq unutmaq lazım deyil ki, KTMT əsasən Rusiyanın hərbi-siyasi blokudur və bir çox məsələlərdə Moskva aparıcı mövqeyə malikdir. Əgər sözügedən ölkələr və Rusiya doğurdan da yeni və fərqli bir mərhələnin başlanmasını arzulayırlarsa və MDB-dəki inteqrasiya proseslərini konfliktlər deyil, məhz əməkdaşlıq üzərindən həyata keçirmək istəyirlərsə, o zaman Ermənistanla bağlı cərəyan edən proseslər son nəticədə işğalçı ölkənin mövcud status-kvodan geri çəkilməsinə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına və regionda normal münasibətlərin formalaşmasına gətirib çıxara bilər. Hər hala bütün ehtimalları nəzərdən keçirmək lazımdır, ancaq indiki şəraitdə konkret fikir söyləmək çətindir. Düşünürəm ki, bütün məsələlərə dekabrın 6-da, KTMT-nin Sankt-Peterburq sammitində aydınlıq gətiriləcək".

Qeyd edək ki, rusiyalı politoloq Sergey Mixalyov Ermənistanın KTMT-dən çıxarılması məsələsinin gündəmə gələ biləcəyini istisna etməyib.

Bundan ardından isə Ermənistan prezidentinin müşaviri Tevan Poqosyan da ölkəsinin maraqlarına cavab verəcəyi təqdirdə KTMT-ni tərk edə biləcəklərini açıqlayıb.

Milli.Az