Qızla öpüşmək üçün evlərini yandıran oğlan, sadist iş adamı, çarəsiz sakinlər - Məhkəmədə "Fəlakət" - FOTO

21 Noyabr 2018 09:55

Milli.Az jurnalist Bəxtiyar Umarlının layihəsi olan "Filmreview"nu (4-cü say) təqdim edir:

Ötən gün Cinema Plus kinoteatrında "Fəlakət" filminin qala gecəsi keçirilib. Təqdimata Şamil Süleymanlı, Bəhram Bağırzadə, Sevda Yahyayeva, İlkin Həsəni kimi tanınmışlar qatılıblar.

Vaxtından gec başlayan təqdimatda digər qalalardan fərqli olaraq məşhurlara, eləcə də xanımlara az rast gəlmək olurdu. Açıq-saçıq geyimli tanınmışlar, demək olar ki, yox idi. Hətta paltarları ilə müzakirə olunan Ülfət Bəşirqızı belə tədbirə qapalı libasda gəlib.

Film Elşən Orucovun ilk dəfə ayrıca olaraq çəkildiyi ekran işidir. Burada onun "Bozbaş pictures"dəki dostları yox, əvəzinə yeni obrazlar var. Obraz yaradıcılarından bir neçəsi ilk dəfə film sahəsində özünü sınayıb.

Onlardan biri də Fəlakətin sevgilisi rolunu oynayan aktrisa Ləman Merihdir. Xəzər TV-də yayımlanan serialla izləyicilərin qarşısına çıxan Ləman filmdə obrazını layiqincə canlandıra bilib. Bu, ən çox Fəlakətin onunla tək qalıb "dodaq tərpətmək" üçün evlərini yandırma səhnəsində əsəbləşərkən özünü biruzə verirdi.

Təxminən bir saat davam edən filmdə açıq-saçıq, zorlama və təcavüz səhnələri yox idi. Kinoda söyüşün işlədilməməsi bəyənilən cəhətlərindən oldu. Lakin bəzi sətraltı "söyüşlər" istifadə edilmişdi ki, tamaşaçılar hər zamankı kimi ən çox buna gülürdü.

Ssenariyə görə illər əvvəl, uşaqkən atası ilə birgə məhlədən qovulan oğlan iş adamı kimi qayıdaraq həmin ərazini yox etmək istəyir.

Məhkəmə səhnəsi ilə başlayan kinoda sakinlərə sökülən evdəki hər adama görə 300 manat verilməsi təklif olunur. Sakinlər də haqlı olaraq buna etiraz etsə də, iş adamının qısa ətəkli cazibədar sevgilisi Fəlakəti "yoldan çıxardır".

Qəribə hərəkətləri ilə diqqət çəkən sadist biznesmen Fəlakətin saflığından, hinduşka sevərliyindən faydalanmasına baxmayaraq sonda istəyinə nail olmur.

Filmin "Fəlakət olacaq" şüarı özünü doğrultmasa da, həm ssenari, həm də zarafatlar baxımından "Stalinin başı", "Bir xalanın sirri" kimi kinolardan uğurlu idi.

Kinonun alınmayan kadrlarının (dubl) sonda nümayişi təqdirəlayiq oldu. Adlar yazılsa belə, tamaşaçıların yerini tərk etmədən həmin kadrlara baxıb gülməsi bunu deməyə əsas verir.

Filmin posterindəki "Birinci film" sözündən və ssenaridən aydın görünür ki, "Fəlakət 2" də olacaq.

Qeyd edim ki, çəkilişləri mart ayında baş tutan filmdə Azər Aydəmir, Orxan Ata, Solmaz Süleymanlı, Tural Əzizov, Nofəl Şahlaroğlu, Ülvi Həsənli, Taleh Yüzbəyov Ləman Mərrih, İqrar Salamov, Nahid Kərimli, Zaur Baliyev, Nəsibə Eldarova və başqaları rol alıblar.

Kino bu gündən etibarən Azərbaycan kinoteatrlarında nümayiş olunacaq.

Milli.Az