"Çıxış yolunu ayrılmaqda görürəm" - Yeni nişanlanan azərbaycanlı müğənni... - FOTO

9 Noyabr 2018 15:39

Zorakılıq, şiddət son zamanlar cəmiyyətimizdə tez-tez şahidi olduğumuz hadisələrdən birinə çevrilib.

Əsasən də günü-gündən artan boşanmaların böyük əksəriyyətinin mərkəzində bu problem dayanır.

Kişi həyat yoldaşını döyə bilərmi? 

Bu sualla səhnəmizin məşhur kişilərindən münasibət öyrənməyə çalışdıq.

Məşhurlardan sorğumuzda ilk iştirak edən Qurd kimi tanınan Fərid Eminov oldu:

Sözünün qüvvəsi varsa, əlbəyaxa ehtiyac yoxdur

"Kişinin həyat yoldaşını döyməsinə normal insan kimi pis baxıram. Kişi həyat yoldaşını döyməz. Allah insana dil verib, dilin əsasında problemi həll etmək olar. İnsan elə hörmət saxlamalıdır ki, sözü keçərli olsun. Əlbəyaxa heç bir şey verməyəcək insana, yalnız qadına yox, kişiyə də. Sözünün qüvvəsi varsa, əlbəyaxa ehtiyac yoxdur. İstənilən halda kişinin qadına əl qaldırması yolverilməzdir".

Yaşar Yusub da Qurdun sözlərini dəstəkləyib:

l qaldırmaq kişiyə yaraşmaz"

"Döymək yaxşı iş deyil axı. Kobudluq lazım deyil. Hər-halda nəsə söz deyə bilər, əsəbiləşə bilər. Amma döymək, əl qaldırmaq kişiyə yaraşmaz. Bu, aradan pərdəni götürən bir şeydir. Təbii ki, hər kəsdə olur mübahisə, dava. Bu hamının həyatında baş verir. Amma çalışaq dava etməyək, çalışaq bir-birimizi dil ilə başa salaq. Təzyiq, əl qaldırmaq insana, kişiyə yaraşan iş deyil".

Sualdan yayınmağa çalışan Talıb Tale mövqeyini gülərək bildirib:

"Həyatda hər şey ola bilər".

Evlilik ərəfəsində olan Əhməd Mustafayevin "Kişi həyat yoldaşını döyə bilərmi?" sualına cavabı geniş olduğu qədər də maraqlı alınıb:

"Çıxış yolunu ayrılmaqda görürəm"

"Kişi həyat yoldaşını döyməli deyil. Kişi ilə qadın arasında hörmət olmalıdır. Əgər bir-birlərini başa düşə bilmirlərsə, aralarındakı problemi danışaraq çözə bilmirlərsə, demək döyməklə çözüləsi bir şey deyil. Onun üçün də, biraz pis səslənəcək, amma bir yerdə davam etməsələr daha məsləhətli olar. Döyməkdir, təzyiq göstərməkdir, xüsusilə də qadına təzyiq göstərmək yaxşı bir şey deyil məncə. İstənilən halda bu mənim üçün belədir. Qadın xeylağına əl qaldırılmalı deyil. Əgər aralarındakı problemi sözlə-danışaraq həll edə bilmirlərsə, çıxış yolunu ayrılmaqda görürəm. İnsana Allah şüur, ağıl verib. Əgər bir-birlərini başa düşə bilmirlərsə, orada döymək-döyülmək - bu şeylər artıqdır. Mən belə düşünürəm, bu mənim şəxsi fikrimdir. İnsanlar var deyirlər ki, "Osmanlı tokatı dəyməlidir ki, qadın gərək həddini bilsin". Əgər kişisənsə, qadını vurmaqdansa öz zəhmini göstər. Qadın əgər başa düşən qadındırsa, kişi əlini bir dəfə stola vursa o bəs edər. Şərt deyil, qadını vursun. Qadına əl qaldırmaq düzgün deyil, xüsusilə, o, sənin həyat yoldaşındırsa". 

Təhməz Təkin
Milli.Az