Anadangəlmə inkişaf qüsurlarının olmaması üçün...

10 Noyabr 2018 19:07

UNICEF-in sağlamlıq imkanları məhdud uşaqların vəziyyəti ilə əlaqədar hesabatında göstərilir ki, dünyada 14 yaşdan aşağı olan hər 20 uşaqdan birinin əlilliyi var və bu, təxminən 93 milyon azyaşlı deməkdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, körpələrin sağlam doğulması hansı səbəblərdən asılı olduğu barədə K. Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitununun baş həkimi Səadət Ələsgərova deyib: "Anomaliyaların ən əsas səbəbi ananın vaxtında müayinədən keçməməsidir. Qadınların hamiləlikdən əvvəl və ya hamiləliyin ilk həftəsindən həkimə müraciət etməsi həmin problemin aradan qaldırılmasında əsas rol oynayır. Həmçinin analarda olan infeksiyalar, ciddi somatik problemlərlə yanaşı qohum nikahları da problemin yaranmasına səbəb olur".

Onun dediyinə görə, anadangəlmə inkişaf qüsurları arasında ilk sırada ürək-qan-damar sistemi xəstəlikləri durur. Bundan başqa böyrək, sidikçıxarıcı orqanın qüsurları və genetik faktorlar da var: "Ən vacib məqam həmin patologiyaların erkən və daha tez aşkarlanıb müayinə olunmasıdır. Böyrəklər və mərkəzi sinir sistemi tərəfindən olan qüsurları da həmin sıraya aid etmək olar. Bunun qarşısını almağın əsas yolu xəstəliyi vaxtında aşkara çıxarıb düzgün müalicə etməkdir".

Mütəxəssislər bir çox xəstəliklərin qarşısının alınması baxımından cütlüklərin evlənməzdən əvvəl tibbi müayinədən keçməsinin əsas şərt olduğunu bildirirlər. Qadınların sağlamlığına mənfi təsir edən infeksiyalar hamiləlik zamanı və hamiləlikdən sonrakı dövrdə dünyaya gələn körpə üçün əsl təhlükə mənbəyi ola bilər. Ona görə də həkimlər sağlam övlad dünyaya gətirmək üçün vaxtında tibb müəssisələrinə müraciət etməyi məsləhət görürlər.

Milli.Az