Dəri problemlərində pəhrizin rolu varmı?

8 Noyabr 2018 23:05

Sızanaq və çivzə problemi olan insanların bir hissəsi bəzi qidaları rasionundan çıxarır. Ancaq bunun faydasından çox zərəri ola bilərmi?

Mən Londonda dermatoloq (dəri xəstəlikləri mütəxəssisi-red.) kimi fəaliyyət göstərirəm. On ildir ki, müxtəlif dəri problemləri olan xəstələrlə qarşılaşıram. Dəridə çivzə problemi işimdə maraqlandığım sahələrdən biridir.

Lakin bir neçə ildir müşahidə etdiyim bir məsələ məni narahat edir. Dəri problemlərindən xilas olmaq üçün bəzi insanlar kənardan eşitdikləri məlumatlarla müxtəlif qidaları tamamilə rasionlarından çıxarmağa başlayırlar.

Çivzə problemi bəzi xəstələrdə uzun müddət davam edir. Onlar klinikaya gələnə kimi onsuz da bir çox şeyi sınaqdan keçirmiş olurlar: dəriyə qulluq məhsullarını dəyişdirmək, doğru məhsulu seçmək məqsədiylə çoxlu pul xərcləmək, qidalanma vərdişlərini dəyişmək və s.

Qidalanma ilə bağlı narahatlıqlar nəzərə alınmalıdır. Xəstələr süd və süd məhsullarından, qlütendən və şəkərdən imtina edərək sızanaqlardan necə xilas olmağa çalışdıqlarını danışırlar. Bəziləri bunu edərkən ifrata varır. Bu səbəbdən də sadəcə çivzə problemi ilə deyil, bəzi qidalara qarşı hiss edilən həqiqi bir qorxu ilə də mübarizə aparmaq məcburiyyətində qalırıq.

Şəkərin rolu

Bəs məlumatlara baxsaq, çivzə ilə pəhriz arasında hansı əlaqə var?

Bu əlaqə on illərdir müzakirə olunmasına baxmayaraq ortaq bir fikir əldə olunmayıb. İnsanların pəhriziylə bağlı keyfiyyətli araşdırmalar aparmaq çətindir. Əldəki məlumatların çoxu insanların keçmişdə nə yedikləri məlumata əsaslanır və bu mövzuda yaddaşa hər zaman etibar etmək olmur.

Dəri problemləri akne, çivzə, pəhrizin dəri problemlərində roluÇivzə problem olan bəzi insanlar rasionlarından bəzi qidaları tamamilə çıxarırlar.

Lakin çivzənin meydana çıxmasıyla Glikemik indeks (karbohidratların qandakı şəkər səviyyəsinə təsirini ölçmə sistemi) baxımından yüksək olan qidalar arasında bir əlaqə olduğunu göstərən məlumatlar çoxdur. Yəni şəkərin çivzənin yaranmasında rolu var. Ancaq bu məlumatı şəkərdən tamamilə imtina etmək kimi yox, ondan istifadəyə diqqət etmək kimi qəbul etmək lazımdır. Bundan başqa, həddən artıq şəkər sadəcə dəri üçün deyil, ümumiyyətlə sağlamlıq üçün də yaxşı deyil.

Süd məhsullarının əlaqəsi zəifdir

Süd məhsulları ilə çivzə arasında əlaqə isə çox zəifdir. Bəlkə də müəyyən qruplara təsir edə bilər. Bundan başqa, az yağlı və ya yağı çıxarılmış məhsulların sızanağa yağlı məhsullardan daha çox təsir etdiyi ehtimal olunur. Bunun səbəbi hələki məlum deyil.

Lakin nə Böyük Britaniyada, nə də ABŞ-da çivzə müalicəsində süd məhsulları qida rasionundan çıxarılmayıb. Veqanlarda belə sızanağa rast gəlinməsi süd məhsullarından imtinanın işə yaramadığını göstərir. Eyni zamanda başqa qidaları rasionundan çıxartsa belə, yenə də sızanaq problemini həll edə bilməyən bir çox xəstə gəlir. Genetik amil, hormonlar və bu kimi bir çox faktorun təsiri nəticəsində yaranan çivzəyə görə bəzi qidaları günahlandırmaq doğru yanaşma deyil.

Pəhriz akne dəri problemləri dəridə sızanaq akne çivzəBəzi xəstələrdə bəzi qidalara qarşı qorxu yaranır.

Haqsız tənqidlər

Qidaları məhdudlaşdırmaq bəs deyilmiş kimi, bəziləri kənardan eşitdikləri məlumatlarla başqalarının yemək vərdişlərini tənqid edib, bu vərdişlərin dəri xəstəliklərinin mənbəyi olaraq görməsi bir başqa problemdir.

Bu cür tənqidlər yaxın qohum və dostlardan tutmuş, küçədəki tanımadığınız şəxslərə və hətta sosial şəbəkə istifadəçilərinə qədər bir çox yerdən gələ bilər. Məsələn, pizza yeyərkən paylaşdığınız bir fotoda, sosial media trollarının dərinizin problemli olmasını bununla əlaqələndirən şərhlərinə tez-tez rast gəlmək olar. Məlumat bolluğuna məruz qaldığımız bir dünyada yaşayırıq. Bəs, elmi olaraq təsdiqlənmiş məlumatı yalançı tövsiyyələrdən necə ayıra bilərik?

Psixi problemlər

Sızanaq ucbatından çarəsizlik hissi, özünə inamın itməsi və internetə müraciət etmək anlaşılandır. Lakin burada rast gəlinən hər təklif doğru və etibarlı olmadığı kimi, bəzən səhiyyə mütəxəssisləri belə, ziddiyətli təkliflər verə bilərlər.

Bundan başqa, bir xəstə üçün faydalı olan bir üsul digər xəstəyə uyğun olmaya bilər, çünki hər kəsin DNT-si, yaşadığı mühit, bağırsaq və dərisindəki bakteriya tərkibi fərqlidir.

Dəri problemləri akne, çivzə, pəhrizin dəri problemlərində roluÇivzə problemi olanlar psixi xəstəliklərə qarşı daha həssasdırlar. Onlara bir də bəzi qidalardan imtina etmələrini söyləmək daha çox stressə yol açır

Sızanağın narahatlığa, depressiyaya, ətrafdan təcrid olmaq və özünə inam probleminə yol aça biləcəyi məlumdur. Psixi problemlərinin inkişaf ehtimalı olan insanlardan bir də rasionlarında məhdudlaşdırma aparmalarını tələb etmək əlavə problemlərə yol aça bilər.

İdeal müalicə

Sağlam qidalanmanın dəri üçün vacib olduğunu kimsə inkar etmir. Qidalar dəri sağlamlığı və xəstəliklər baxımından bir çox rol oynayır. Lakin bu, heç kimə yemək seçimindən dolayı insanları tənqid edərək, özlərini pis hiss etmələrinə səbəb olmaq və tibbdən uzaq tövsiyyələr vermək haqqı vermir. Problemi olan insanı birdə tənqidlərlə narahat etmək, onların psixi sağlamlığına mənfi təsir göstərdiyi kimi problemli bir qidalanma vərdişinə də səbəb ola bilər.

Bəs çarəsi nədir? Çivzə probleminiz varsa həkimə müraciət etmək lazımdır. Sızanaqları ucbatından bəzi qidalardan qaçmağa çalışanların da mütəxəssislərdən fikir öyrənməsi, öz narahatlıqları barədə həkimləriylə açıq danışmaq tövsiyə olunur. Hətta ən idealı dəri müalicəsi zamanı dietoloq və psixoloq ilə əlaqə saxlamaqdır.

Qidalar haqqındakı "yaxşı" və ya "pis" etiketləmələr sadə yanaşmadır. Dəri sağlamlığı üçün yaxşı qidalanma vərdişi uzun müddətli məsələdir, bu bir dəfə yeyilmiş qənnadı məmulatı problemi deyil.

Milli.Az