İlk Formula 1 Vyetnam Qran-Prisi 2020-ci ilin aprelində keçiriləcək

7 Noyabr 2018 21:48

Formula 1 və Hanoy şəhərinin rəhbərlikləri bəyan ediblər ki, ilk Formula 1 Vyetnam Qran-Prisi 2020-ci ilin aprelində keçiriləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Hanoyun "Vingroup" promouteri Qran-Pri keçirilməsinə dair çoxillik saziş imzalayıb. Sənədin şərtlərinə görə, Formula 1 mərhələsi şəhərin mərkəzi küçələrində keçiriləcək, trekin uzunluğu isə 5,565 kilometr təşkil edəcək.

Qran-Pri seriyalarının icraçı direktoru Çeys Keri deyib: "Biz sevinc hissi ilə bildiririk ki, Formula 1 Qran-Prisi Hanoyda keçiriləcək. Zəngin tarixə malik və qeyri-adi gələcəyi olacaq Hanoy dünyanın ən maraqlı şəhərlərindən biridir. Mən Formula 1 təqvimində bu mühüm tədbirin yer alacağını səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, Vyetnam Cənubi-Şərqi Asiyanın Formula 1 Qran-Prisinin keçiriləcəyi üçüncü ölkəsidir. Bundan əvvəl yarışlar Malayziya və Sinqapurda keçirilib.

Milli.Az