Cənnət reyhanəsi – İmam Həsən

8 Noyabr 2018 23:45

İmam Həsən Müctəba (ə) Həzrət Muhəmməd Peyğəmbərin (s) ilk nəvəsidir. Atası - Imam Əli ibn Əbu Talib (ə), anası -Peyğəmbərin (s) qızı Fatimeyi-Zəhradır (ə). Hicri 2-ci və ya 3-cü il ramazan ayının 15-də (miladi 624-cü və ya 625-ci il) Mədinədə doğulmuşdur.

Məşhur ləqəbləri "müctəba" (seçilmiş) və "sibt"dir (qız nəvəsi; Peyğəmbərin qız nəvəsi olduğuna görə, bu ləqəbi daşıyır). Zahiri görünüşcə Həzrət Muhəmməd Peyğəmbərə (s) çox oxşadığı rəvayət edilir.

Milli.Az islam.az-a istinadən bildirir ki, İmam Həsən (ə) anadan olduğu gündən Peyğəmbərin (s) hədsiz sevgisi ilə əhatə olunmuş və Onun tərbiyəsi altında böyümüşdü. Peyğəmbər Onu və kiçik qardaşı Hüseyni (ə) "cənnət reyhanələri", "cənnət gənclərinin ağaları" adlandırır, istər qiyam etdikləri, istərsə də sakit durduqları halda imam olduqlarını bildirirdi.

Həzrət Həsən (ə) 9 yaşına çatmazdan əvvəlcə babasını, daha sonra isə anasını itirdi. O, İmam Əlinin (ə) əxlaq və əqidə məktəbində yetişdi. Həsən (ə) atasının siyasi və ideoloji mübarizələrində həmişə onu dəstəkləyirdi. Həzrət Əlinin (ə) xilafət illərində baş vermiş gərgin hadisələr zamanı da Həzrət Həsən (ə) atası ilə çiyin-çiyinə duraraq, haqsızlıqlara qarşı mübarizə aparmışdır.

Həzrət Əlinin (ə) şəhadətindən sonra imamət məsuliyyəti Həzrət Həsənin (ə) öhdəsinə düşdü. O, hicri 40-cı ildən 50-ci ilə kimi (miladi 661-670-ci illər) imamlıq etmişdir. İmamlıq müddətinin əvvəlində Həzrət Həsən (ə) atasının yolunu davam etdirərək, Müaviyəyə qarşı siyasi və hərbi mübarizəyə başladı, lakin vaxtilə İmam Əlinin (ə) başına gətirilən fitnələrlə rastlaşdı. İmam Həsəni (ə) dəstəkləyən qüvvələr həlledici anda ona xəyanət edib, Müaviyənin tərəfinə keçdilər. Hətta İmamın yaxın qohumu və sərkərdəsi Übeydullah ibn Abbas ibn Əbdülmüttəlib də qarşı cəbhəyə qoşuldu. İmam Həsənə (ə) sadiq olan qüvvələr Qeys ibn Səd ibn Übadənin başçılığı altında döyüşmək üçün toplaşdılar. Lakin Müaviyənin göndərdiyi casuslar qoşunun arasında şayiələr yaymaqla narazılıq yaratmağa nail oldular. İmamın silahdaşları onun guya Müaviyə ilə sülh bağladığı barədə yalan şayiəyə inanıb silahı yerə qoydular. Hətta əsgərlərin bir hissəsi bundan qəzəblənib, İmam Həsənin (ə) çadırına hücum etdi. Sui-qəsdçilərdən biri İmamı yaraladı. İmam Həsən (ə) Mədaində müalicə edildiyi zaman onun tərəfdarlarının bir hissəsi könüllü surətdə düşmənin tərəfinə keçdi, bir hissəsi isə qorxu üzündən mübarizədən əl çəkdi. Hətta İmamı (ə) tərk-silah edib Müaviyəyə təhvil vermək təklifi ilə çıxış edənlər də oldu.

Belə ağır şəraitdə İmam Həsən (ə) Əhli-beyt tərəfdarlarının həyatını qorumaq, İmam Əlinin (ə) vaxtilə əldə etmiş olduğu bəzi nailiyyətləri itirməmək xatirinə Müaviyə ilə sülh imzalamağa məcbur oldu. Sülh müqaviləsinə görə, İmam Həsən (ə) aşağıdakı şərtlər daxilində Müaviyənin xilafətini qəbul edirdi: Müaviyə öz hakimiyyəti dövründə Qurana və Peyğəmbər sünnəsinə əsaslanmalı, zülm və ədalətsizlik törətməməli, Həzrət Əlinin (ə) tərəfində vuruşub şəhid olmuş şəxslərin ailələrinə təqaüd verməli  və özündən sonra xilafətə heç kimi təyin etməməli idi. Həmçinin, İmam Həsən (ə) Müaviyəni "əmirül-möminin" ləqəbi ilə adlandırmamaq hüququnu da əldə etdi. Lakin az sonra Müaviyə müqavilənin şərtlərini kobud şəkildə pozdu. Bununla kifayətlənməyərək, təhlükəli hesab etdiyi İmam Həsəni (ə) aradan götürmək üçün yollar axtarmağa başladı.

Nəhayət, hicri 50-ci il səfər ayının 28-də (miladi 670-ci il) İmam Həsən (ə) Müaviyənin göndərdiyi zəhərlə öz həyat yoldaşı Cədə tərəfindən zəhərlədilib şəhid edildi. Cədə səhabə Əşəs ibn Qeys Kindinin qızı idi. Əşəs birinci xəlifə Əbu Bəkrin bacısı Ümmi-Fərvənin əri idi. Həzrət Əli (ə) hakimiyyətə keçdikdən sonra Əşəs əvvəlcə onun tərəfdarı olmuş, lakin Siffeyn savaşı gedişində əks mövqeyə keçərək, İmama qarşı müxalifət cəbhəsinə başçılıq etmişdi. Onun oğlu (Cədənin qardaşı) Mühəmməd isə sonralar Kərbəlada İmam Hüseynə (ə) qarşı döyüşən ordunun sərkərdələrindən oldu...

İmamı (ə) babası Həzrət Muhəmməd Peyğəmbərin (s) qəbrinin yanında dəfn etmək istəyirdilər, lakin bəzi qüvvələr buna mane oldular. Ona görə də Həzrət Həsəni (ə) Bəqi qəbristanlığında torpağa tapşırdılar. Sonralar İmam Zeynül-abidin (ə), İmam Mühəmməd Baqir (ə) və İmam Cəfər Sadiq (ə) də bu məzarın yanında dəfn edildilər. İmamların qəbri üzərindəki böyük türbə 1926-cı ilin aprelində Səudiyyə Ərəbistanı hökuməti tərəfindən dağıdılmışdır.

Milli.Az