Yolda təhlükə - Dövlət qurumlarının fəaliyyətsizliyi sürücünü hərəkətə gətirdi - FOTO - VİDEO

6 Noyabr 2018 12:36

Kənan Pirizadə adlı sürücü Milli.Az-a müraciət edərək bəzi dövlət orqanlarının təhlükəli hallara etinasız münasibətindən şikayət edib. Onun sözlərinə görə, Ağ Şəhərdə insanların həyatı bahasına başa gələn təhlükənin mövcudluğuna baxmayaraq müraciət etdiyi dövlət qurumları heç bir tədbir görməyiblər:

Videonu izləmək üçün şəklə klikləyin:

Şəhərdə təhlükəli maneə

"Bu gün Ağ Şəhər istiqamətində hərəkət edən zaman yolun ortasında bu maneə ilə üzbəüz qaldım. Bununla bağlı DİN "Qaynar xətt"inə zəng etdim və bildirdim ki, təhlükəli hal var və aidiyyəti qurumlara xəbər versinlər. Yaxınlaşdım özüm şəxsən 37-ci Polis Bölməsinə, orda bu məsələ ilə bağlı xəbər verdim. 37-ci bölmədən mənə bildirdilər ki, yerli icra hakimiyyəti orqanına xəbər verəcəklər və onlar da aidiyyəti qurumlara xəbər verəcək və bu məsələni aradan götürəcəklər.

Yenidən geri döndüm və orda dayanıb kənardan müşahidə etdim ki, nə zaman gəlib tədbir görəcəklər. Uzun müddətli müşahidələrimdən sonra qeyd etdiyim yerdə bir neçə dəfə təhlükəli hal yaşandı.

Axırda insanların həyatını və sürücüləri riskə atmamaq üçün bütün təşəbbüsü öz üzərimə götürməyə qərar verdim. Özüm o maneəni kənara çəkdim və zəng edib həm DİN "Qaynar xətt"inə və həm də yerli icra hakimiyyətinə bildirdim ki, heç kəs tədbir görmədiyi üçün mən özüm təşəbbüs göstərdim və hava şəraitini nəzərə alıb, qaranlıq havada daha da təhlükəli ola biləcəyindən bu maneəni yolun ortasından götürdüm".

Pünhan Mirzə
Milli.Az