Özbəkistanda kosmik fəaliyyətin inkişafı haqqında qanun layihəsi ictimaiyyətin müzakirəsinə çıxarılıb

7 Noyabr 2018 04:30

Özbəkistanda kosmik fəaliyyətin inkişafı haqqında qanun layihəsi ictimaiyyətin müzakirəsinə çıxarılıb. Sənəddə deyilir ki, Özbəkistanda kosmik tədqiqatların və texnologiyaların inkişafı üçün lazımi təcrübə, intellektual ehtiyatlar və kosmik infrastruktur mövcuddur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, layihədə Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Kosmik Tədqiqatlar və Texnologiyalar üzrə Agentliyin yaradılması nəzərdə tutulur. Agentlikdə elmi-texniki və ekspert şurası fəaliyyət göstərəcək. Şuraya Müdafiə Nazirliyinin, Dövlət Geologiya Komitəsinin, İnnovasiya İnkişaf Nazirliyinin nümayəndələri daxil olacaq.

Proqramın konsepsiyası və layihəsinə görə müvafiq infrastrukturla bağlı obyektlər tikiləcək.

2019-cu il sentyabrın 1-dən Daşkənd Dövlət Texniki Universiteti, Özbəkistan Milli Universiteti və Daşkənd İnformasiya Texnologiyaları Universitetində "Tətbiqi kosmik texnologiyalar" kafedraları açılacaq və xarici ali məktəblərdə mütəxəssislər hazırlanacaq.

Milli.Az