İnternet, kompüter texnologiyalarından istifadə, içərisində şiddətə yer verilən bir sıra oyunlar, eləcə də uşaqların yaş dövrünə uyğun olmayan bayramlar onların fiziki, mənəvi və psixoloji sağlamlığına ciddi təsir göstərir.
Hər birimizin filmlərdə görüb və gülərək izlədiyimiz "Hellouin" ("Halloween") əslində bizim bayramlarımıza uyğun gəlmir.
Bəlkə də, bir çoxumuz bu bayramın necə yarandığını bilmirik. Gəlin bu balqabaq bayramının bir az kökünə gedək.
"Hellouin" sözü "All hallows eve" yəni "bütün müqəddəslərin axşamı" kimi tərcümə edilir. Bu bayram ilk dəfə "Allahın təbiətinə qarşı çıxan", "fəsilləri iki yerə ayıran", İngiltərə, İrlandiya və Fransanın şimalında özlərinə yer edən qədim kelt qəbilələrində qeyd olunub.
Bayramın qeyd edildiyi 31 oktyabr tarixi hər kelt ilinin son günü hesab edilirdi. Keltlər hesab edirdilər ki, həmin gecə bu dünya ilə o dünya arasındakı qapılar açılır və ruhlar bizim aləmimizə qonaq gəlir.
İnsanlar "ifritə", "meyit", "vampir" və sairə qorxulu libaslar geyinib bir növ karnaval keçirib əylənirlər.
Halbuki məlum bütün müqəddəs kitablar ölülərin dirilərlə münasibətini mümkünsüz sayır. Buna baxmayaraq, biz hələ də bu bayramı qeyd etməkdə maraqlıyıq.
Milli.Az bildirir ki, oxu.az saytı məsələ ilə bağlı sosial şəbəkədə kiçik bir sorğu keçirib, valideynlərin fikirlərini öyrənib.
Yazılan rəylər isə müxtəlif oldu. Valideynlərin bir qismi bu bayramın uşaqlar üçün uyğun olmadığını dedilər:
"Mənim uşağımın beş yaşı var. Bayramın ümumilikdə keçirilməsi normaldır. Amma bunu azyaşlı uşaqlar üçün uyğun hesab etmirəm. Bu onları qorxudur. Mənim qızım o geyimləri geyinmək belə istəmirdi".
Maraqlı fikirlər arasında jurnalist həmkarlarımızın da fikirləri diqqət çəkir. Jurnalist Leyla Sarabi də oğlunun getdiyi bağçada "Hellouin" bayramının keçirilməsinin azyaşlı uşaqların psixologiyasına mənfi təsir edə biləcəyini deyib:
"Biz Fransada yaşadığımız illərdə oğlum iki il bu bayramın vətəni olan Fransada bağçaya gedib. Amma biz bir dəfə belə olsun fransızların bağçalarda, təhsil müəssisələrində azyaşlı uşaqlara bu şənlik üçün hazırlıq etdiklərini görməmişik. Onlar uşaqların psixologiyasını ikiqat artıq düşünürlər.
Fransada din dəyişsə belə bu bayram onlar üçün tarixi hesab olunur. Təbii ki, küçələrdə bayram atributlarına rast gəlmək olurdu. Hazırda oğlumun beş yaşı var və getdiyi bağçada xüsusilə qız uşaqları bu bayramdan daha çox qorxur, ağlayırdılar. Bir valideyn kimi mən bunu dəstəkləmirəm.
Müəllimlər, direktorlar bunu şənlik olsun deyə keçirdirlər, amma bu uşaqların psixologiyasını ciddi şəkildə pozur. Uşaqlar üçün karnaval, şənlik keçirmək istəyirlərsə, təhsil ilinin bir gününü seçib, həmin gün uşaqlar üçün, onların yaş dövrünə, dünya görüşünə və psixologiyasına müsbət amillər aşılayacaq maraqlı şənliklər təşkil edə bilərlər".
Psixoloqlar isə hesab edirlər ki, azyaşlı uşaqların bu və digər mövzuda olan cizgi filmlərinə, kinolara baxması onların psixologiyasına ciddi təsir göstərir. Bəzən 4-5 yaşlı uşaqlar sıradan bir oyuncaqdan belə qorxub, onunla oynamağa tərəddüd edirlər. Valideynlər, eləcə də uşaqlarla çalışan bütün peşə sahibləri bu nüanslara diqqət etməlidirlər.
Psixoloq Lalə Hüseynova bildirib ki, azyaşlı uşaqların bu kimi karnavallarda iştirakına şərait yaradan valideynlər bilməlidirlər ki, gələcəkdə uşaqlarda şizofreniya əlamətləri yarana bilər:
"3-6 yaş arası uşaqların fəaliyyət növü oyundur. Hansı ki, bütün bunlar uşaqlarda şüuraltı toplanır və onların davranışlarında özünü büruzə verir. Psixologiyada bu "şüuraltı depo" adlanır. Ətrafda baş verən bütün hadisələr uşaqlara onların xarakterindən asılı olaraq müxtəlif cür təsir edə bilər.
Qorxudan uşaqlarda bir çox xəstəliklər - şəxsiyyət pozğunluğu, cəmiyyətdən təcrid olmalar, tez-tez səbəbsiz ağlamaqla müşahidə olunan sinir xəstəlikləri, aqrofobiya, sosial fobia və sairə yarana bilər. "Hellouin" bayramının ümumi konsepti isə təəssüf ki, qəti şəkildə azyaşlı uşaqlar üçün deyil. Valideynlər buna diqqət etməlidirlər.
Qorxular artdıqca şüuraltı yığılan proseslərin ağır fəsadları özünü yeniyetməlik dövründə panik atak, şizofreniyanın müxtəlif əlamətləri ilə də büruzə verə bilər. O zaman isə vəziyyətin bərpası üçün kifayət qədər gec ola bilər. Yaxşı olardı ki, valideynlər uşaqlar üçün əyləncə növləri seçərkən onların yaş dövrünü mütləq nəzərə alsınlar".
Təhsil üzrə ekspert Nadir İsrafilov isə bildirib ki, uşaqların, yeniyetmə və gənclərin mənəviyyatına, psixi durumuna təsir edə biləcək zərərli adət və ənənələrin təbliğ və tətbiqinə heç bir halda yol verilməməlidir:
"Qloballaşma dövründə dünyada gedən proseslərə biganə qala bilmirik. Günümüzün böyük hissəsini kompüter qarşısında keçirdiyimizdən hansı ölkədə nə baş verdiyindən dərhal xəbər tuturuq. Dünyada gedən proseslərə dərhal münasibət bildirib, əməllərimizdə onları təqlid edirik.
Məsələn, dünyanın bir çox ölkəsi "Hellouin" adlanan "Ölülər və Cadügərlar" bayramını qeyd edir, elə isə biz niyə etməyək? "Müqəddəs Valentin" bayramı və s. də elə bunun kimi. Bu bayram dünyanın bir sıra ölkələrində də təntənəli şəkildə qeyd edilir.
Amma bu məsələdə incə bir məqam var. Təhsilimizin əsas prioritet istiqamətlərindən biri də milli-mənəvi dəyərlərin şagirdlərə təbliğidir. Bu istiqamətdə məqsədyönlü işlərin davam etdirilməsi üçün, esse, inşa, bədii qiraət, rəsm və mahnı müsabiqələrinin, şagird təqdimatlarının, müzakirələrin təşkilinin nəzərdə tutulması daha məqsədə uyğun olardı.
Milli mentalitetimizə zidd olan, uşaqlarımızın, yeniyetmə və gənclərimizin mənəviyyatına, psixi durumuna təsir edə biləcək hər hansı bir zərərli adət və ənənələri təbliğ və tətbiq etmək istənilən halda yol verilməzdir. Hər bir xalqın milli mənəvi dəyərlərinə hörmətlə yanaşmalıyıq, lakin eyni zamanda mənəviyyatımıza yad olan bütün hadisə və təzahürlərə qarşı ayıq olmalıyıq".
Milli.Az