Baba Vəziroğlu: "Mətbəxdə qab-qacaq yuyan qadın sevgi subyekti ola bilməz"
7 Aprel 2010 12:24
Onun misraları həqiqətən bu gün həm dillərdə, həm də mahnılarda yaşayır. Bu dəfə suallarımızı Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu cavablandırır. Şairin kimliyini, şəxsiyyətini, xarakterini, dünyagörüşünü ağ kağıza düzdüyü misralardan daha aydın açmaq olur. Mütləq deyil ki, onunla əyani tanış olasan. İstedadlı şairin hər misrası elə onunla tanışlıq deməkdir. Baba Vəziroğlu misraları, mahnılara yazdığı sözlərin sehri ilə könüllərə yol tapıb. Şair üçün oxucu qəlbinə cığır açmaq çətin deyil. Çünki şair ağ kağızla bölüşdüyü hissləri yalandan yazmır, o, həyatı olduğu kimi ifadə etməyi bacarır. Onu oxucusuna sevdirən də həyati şeirləridir. Çünki onun sadə misralarında, əslində yaşayan dərin fəlsəfi dünyanın gizli açarını tapmaq mümkündü.
- Doğrudanmı, şair qəlbli insanlar daha həssas olurlar?
- Ümumiyyətlə, mənə elə gəlir ki, normal insan həssas olmalıdır. Gönü qalın olmayan insanda həssaslıq hissi mütləq olur. İnsan öz bioloji qohumundan, yəni heyvandan bir neçə xüsusiyyəti ilə fərqlənir. Bu, kədər hissidir, həssaslıq və bir neçə digər xüsusiyyətlər. Normal insanlarda bu hisslərin olması lazımdır. Ona görə də mənim həssas olmağımı, hələ üstəlik bir balaca cızma-qara etməyimi də şairliyimin üstünə gəlsəm, təbii ki, həssas adamam.
- Sizcə, həyatda həqiqəti tapmaq asandımı? Ümumiyyətlə, xaraktercə kimdir Baba Vəziroğlu? Zahirən sakit görünsəniz də, sizinlə həmsöhbət olanda daha emosional insan təəssüratı yarada bilirsiz...
- Sizə bir sirr açım. Dünyada müəyyən mütləq həqiqətlər var. Çox təəssüf ki, insanlar uzun illər yaşasalar da, gəlib o həqiqətlərə çatmırlar. Ancaq bir qədər müdrik insanlar, yəni söhbət yaşdan getmir, həqiqi müdrik insanlar ömrün müəyyən mərhələsində müdrik çağa çatırlar. İllərin sayına görə yox, illərin təcrübəsinə, özəl xüsusiyyətlərinə, həyata baxışına görə həqiqəti tapa bilirlər. Həqiqəti tapandan sonra yaşamaq çox asan olur. Həyatda həm mütləq, həm də qeyri-mütləq həqiqətlər var. Bəzən mollaların dili ilə desək, fani dünyadan danışılır. Hərdən deyirik ki, gidi, vəfasız dünyadı! Bəzən lotu dili ilə deyirik ki, 5 günlük ömürdü, yaşa, kef elə! Yəni dünyanın mütləq həqiqətlərini tapmaq vacibdi. Onları tapmayanda, ya arsız bir məxluq olursan, ya da bütün həyat sənin üçün tragediya olur. Bunların hər ikisi qorxuludu. Sənə verilən həyatı, ömrü arsız-arsız yaşamaq da, qəm-kədər, faciə içində yaşamaq da çox pisdi.
- Bu çətin həyat dilemmasında siz hansı ömrü yaşamağa üstünlük verirsiz?
- Baba müəllim əsl insan ömrü yaşayır. Onun məqamları var ki, sevincdi, məqamları var kədərdi, intizardı, həsrətdi. Elə məqamlar var ki, dünyaya inam var, bəzən inamsızlıq hissi olur. Bayaq dediyim fani dünya məsələsi.
- Dediniz ki, həyat həqiqəti acıdı. Həyatın həqiqətləri qarşısında aciz qaldığınız zaman olubmu?
- Yox. Mən özümü o yerə qoymamışam. Zahirən kiməsə elə gələ bilər ki, mən sınmışam, amma içimdə nəyinsə sınmağına imkan verməmişəm. Sınsaydım, artıq mən bu gün Baba Vəziroğlu olmazdım. Təbii ki, həyatdan incidiyin, həqiqətlərdən ağrıdığın məqamlar olur, sən iradəli olmalısan.
- Kitablarınızdan biri "Dünya dəyməz göz yaşına" adlanır. Həqiqətənmi dünya göz yaşına dəymir?
- Bəli, belə bir kitabım var. Həqiqətən dünya göz yaşına dəyməz. Yəni bu dünyadan mən heç nə ummuram. Uman yerdən küsərlər. Əgər dünyadan nəsə ummuramsa, ondan necə küsə bilərəm? Əgər bu dünyadan heç nə ummuramsa, onun vəfasızlığından necə küsüb sına bilərəm? Bütün insanlar, ədiblər, şairlər ömrü boyu ondan yazıb ki, bu dünya fanidi, gidi dünyadı, vəfasız dünyadı. "Süleymana qalmayan dünyasan" deyirik. Sonra da bu dünya haqqında deyirik ki, bu dünya nə zalımdı, qəddardı? Niyə məni bu günə saldı? Bəs biz gecə-gündüz bu dünyanın vəfasızlığını lənətləyiriksə, sonra ondan vəfanı necə uma bilərik? Dünyadan ummağa dəyməz.
- Şerinizdə də var ki, "Bizim bir damla göz yaşımız bu dünyanın özündən bahadır". Siz məhəbbət şairi kimi daha çox sevilirsiz. Sevgi necə, göz yaşına dəyirmi? Əgər göz yaşı dünyadan bahadırsa, sevgi dünyadan daha bahalıdır? Axı sevgi yolunda göz yaşları tökülür...
- Təbii. Dünya həqiqətən göz yaşına dəymir. Ancaq sevgi daha müqəddəsdir. Sevgi hər şeyin özülüdür. Dünya özü sevgi üstündə qurulub. Bu mənada, əlbəttə, sevgi dünyadan böyükdü, qiymətlidir. Yəni sevgi olmayan yerdə dünya da fırlanmaz. Əgər dünya sevgi üstündə qurulubsa, sevgi elə göz yaşıdır!
- Vəfasızlığın, xəyanətin qurbanı olmusuz?
- Yox, mən ümumiyyətlə, qurban olmamışam. Əstəğfürullah, heç qurban olduğuma da qurban olmamışam. Burada paradoks yaranır, "Qurban olduğuma, qurban olmamışam". Qurban olduğum deyir ki, məni sev. Mənə qurban olmaq, məndən qorxmaq lazım deyil. Dünyadakı bütün münasibətlər sevgi üstündə qurula bilər. Qorxu üstündə qurulan münasibət müvəqqətidir. Münasibət ehtiyat, qorxu üstündə qurulmamalıdır. Hətta tanrıya sevgi də qorxudan yaranmamalıdır. Allaha ibadəti də bəzən ya qorxu üstündə qururlar, ya da rüşvət kimi verirlər ki, mən bunu etdim. Yəni bəziləri bununla özünü sığortalamağa çalışır ki, Allah bunun əvəzinə ona başqa nəsə versin. Sevgi isə o qədər dəyərli, təmiz hissdir ki, o, təmənna, qarşılıq ummur.
- Fikirlərinizdən elə məntiqi nəticə yaranır ki, bu fani dünyada məhəbbət şairi üçün sevgi hər şeyi həll edir...
- Bəli. Bu, danılmaz bir həqiqətdir. Mən sevgini yerdə gəzən, yerdə tapan və yerdə görən insanlardan və şairlərdən deyiləm. Əgər sevgi obyektinə əllə toxuna bildin, gözlə görə bildin, bədənlə hiss edə bildin, artıq o sevgi deyil. Sevgi əlçatmaz olanda qiymətlidir. Sevginin obyekti və subyekti də heç vaxt real qadın və ya kişi ola bilməz. Mən kişi olduğum üçün qadınlardan danışacam. Mənim üçün mətbəxdə qab, paltar yuyan qadın sevgi subyekti ola bilməz. Hətta deyək ki, o, dünyanın ən məşhur opera ifaçısı olsa belə. Mənim sevgi subyektimin ayağı yerdə ola bilməz. Sevgi İlahi bir varlıqdı. O sevgi böyükdü ki sən onun həsrətindəsən, ona toxuna bilmirsən, ona əlin çatmır. Şair dili ilə desəm, mən ömrü boyu o sevgini tərənnüm edirəm, həm də ömrü boyu onun arzusundayam.
- Ömrü boyu sevgidən yazan Baba Vəziroğlu onda elə çıxır ki, hələ sevgisinə çatmayıb?
- Yox. Mən hələ sevgiyə çatmamışam. Mən hələ sevgiyə doğru yol gedirəm. Sevgiyə çatmaq məntiqi baxımdan mümkün deyil.
- Çox gəncsiz bu yolda?
- Çox gəncəm. İnanmıram ki, bu yolu tez qət edim. Sevginin vüsal məqamında həyat bitir.
- Qadın sizin üçün kimdir?
- Qadın mənim üçün bu ölkənin vətəndaşı, anamız...
- Axı şairlər qadının sirrini daha yaxşı aça bilir. Söhbət böyük mənada qadın məfhumundan gedir...
- (Gülür). Qadın mənimçün Allahın yaratdığı gözəl məxluqdur. Yəni o məxluq ki, həm mənimçün ana yaradır, həm övlad dünyaya gətirir, həm sevgili yaradır, demək çox müqəddəsdir.
- Qadın təhlükəli ola bilirmi? Axı deyirlər, qadın dünyanın ən təhlükəli oyuncağı ola bilir...
- Belə bir aksioma da var ki, dünyada 7 milyard insan varsa, onların hamısında vərəm çöpü var.
Heç bir insan bundan xali deyil. Ancaq onun cücərməsi, inkişaf etməsi üçün şəraitin, məqamın böyük rolu var. Yəni insanın xəstələnməyi üçün şərait yaradılır. Bu mənada qadın ömrü boyu təhlükə mənbəyi ola da bilər, olmaya da bilər. Qadın çox vəfalı dost da ola bilər, düşmən də. Xəyanətkar da olar, cinayətkar da. Təhlükəli qadın qan da tökə bilər, sülh də yarada bilər. Baxır həyat o qadını nəyə vadar edir.
Bu, baxır zəmanəyə, məqama və münasibətə. Qadın plastilin kimidi. Ondan zəmanə, mühit, vaxt, cəmiyyət hər şey düzəldə bilər. Məşhur deyimdə də deyildiyi kimi, taxtadan beşik də düzəltmək olar, mafə də. Baxır o plastilin hansı ustanın əlindədir. Qadın da belədir. Qadının ustası zəmanədi, cəmiyyətdi.
- Hisslərinizi, duyğularınızı həmişə kağıza, misralara tökə bilirsinizmi?
- Çox çətin sualdı. Çünki belə məqamlar çox çətin anlar ola bilər. Çünki insan çox qəliz varlıqdı. Qəribə bir bənzətməm olacaq. Yumurtlamayan toyuq necə özünü narahat hiss edir. Mən kənd adamı olduğum üçün belə bənzətmələr mənimçün doğmadı. Rahatlıq tapa bilmirsən, vurnuxursan. Doğrudan da insanın ən böyük rahatlığı ruhunun ifadəsidir, özünün ifadəsidir. Bu, istənilən sahədədir. Bu, təkcə şairlərə aid deyil. Özünü ifadə edə bilmirsənsə, hisslərini rahatlaya bilmirsənsə, həyat səninçün bitmiş sayılır. Allah hərəyə bu mənada bir missiya verib. Qələm əhlinə də özünü ifadə kimi poetik düşüncə verib. Özünü ifadə edə bilməyəndə mənasızlaşırsan. Mən şəxsən öz adımdan danışıram. Elə bilirəm ki, artıq sıradan bir adamam.
- Lider olmağa həmişə iddialı olmusuz və iddia insanı çoxmu uzağa apara bilər?
- Həmişə. Təbii ki, müəyyən çərçivələr daxilində. İddia insanı müəyyən qədər uzağa apara bilir. Amma yenə deyirəm, çərçivəni aşmamaq şərtilə. Çərçivəni aşanda, artıq normalar pozulur. Onda cəmiyyət ya səni dəlixanaya göndərir, ya da... Yəqin bilirsiniz ki, dəlixanada nə qədər napaleonlar, hitlerlər, stalinlər var. Normal şəkildə iddialı olsan, həyatda istəklərini reallaşdırmaq, məqsədinə çatmaq mümkündür. İddiası olmayan insanlar zəif xarakterli olurlar.
- Sizcə, sualı ünvanlamaq asandır, ya cavab vermək?
- Mənə elə gəlir ki, sual vermək mənim üçün bəzən çətin olur. Çünki mən uzun müddət televiziyada, radioda çalışmışam. Jurnalist kimi yaradıcılığım ilk dəfə "Azərbaycan gəncləri" qəzetindən başlayıb. Bu baxımdan mənə elə gəlir ki, sual vermək daha çətindir. Çünki hər bir suala cavab var. Bu və ya başqa şəkildə. Sualda heç nə yoxdur, onu yaratmalısan. Bu, sual verənin bacarığına, savadına baxır. Sual vermək çətindir. Sual yaradıcılıq nümunəsidir. Cavab yox. Hər sualda cavab var. Sən nə qədər zəif müsahib olsan belə, sualları cavablandıranda yola verə bilərsən.
- Özünüzə ünvanladığınız sual varmı?
- Demək olar ki, mənə ünvanlanmayan sual qalmayıb. Hər cür sualla üzləşmişəm. Özümə isə həmişə bir-iki sualım olur. Bunlar da cavabı olmayan suallardır. Əbədi suallardır. Onların cavabı olmur. Sadəcə, bu sualları özümə verəndə məsuliyyət hissim çoxalır. Birdən mənə elə gəlir ki, günlər bəzən mənasız ötür. Hər ötən gün, saat büllür qaba bənzəyir, əlindən düşəndən sonra çilikləndi, qurtardı, onu əvvəlki vəziyyətə qaytarmaq, düzəltmək mümkün deyil ki. Zaman gedir və geriyə yol yoxdur. Zamanın təyyarəsinə yanacaq tökmürlər, o, dayanmadan gedir. O yolun qayıdışı yoxdur.
- Oxucularınız Baba Vəziroğlu simasını şeirlərinizdə tam görə bilirmi?
- Mənim öz oxucum onu görə bilər. Mən ümumiyyətlə, bədii yaradıcılıqda iki adamam. Bir çox ciddi bir nəsr yazan nasirəm, bir də ümumi, çox geniş kütlə üçün populyar nəğmələr yazan şairəm. Nəğməkar-şair sözündən zəhləm gedir. Çox ucuzlaşdırıblar bu sözü. Mənim iki tipdə oxucularım var.
- Çoxmu fərqlənir bu oxucularınız biri-birindən? Axı sonda hər ikisi eyni qələm sahibinin yaradıcılığından mənən qidalanırlar?
- Çox fərqli oxuculardır. Birinci oxucularım çox hazırlıqlı oxuculardı. Onlar primitiv göy satanlar, çayxanada oturub nərd vuranlar deyillər. Bir az dünyadan, mənəvi aləmdən, ədəbiyyatdan, intellektdən xəbəri olan oxuculardır. Necə ki, ciddi musiqiyə, simfoniyaya çayxanada oturub qulaq asmaq mümkün deyil, bu mənada da mənim ciddi nəsrimi oxuyan oxucular çayxanada nərd atanlar ola bilməz. Bir də kütlənin qəbul edib bəyəndiyi yaradıcılıq məhsullarım var ki, onların da öz oxucuları var.
- Bəs özünüzü hansı ampluada daha rahat hiss edirsiz? Olduğunuz kimisiz?
- Müəlliflərin hər ikisi mənəm. Ona görə də hər iki ampluada rahatam. Çünki özüm çox mütəhərrik, çevik xarakterə malikəm. Yəni insan birhüceyrəli ola bilməz. Birhüceyrəli olanda primitiv olursan. İnsan mürəkkəb bir mexanizmdir. İnsan yaradıcı kimi də mürəkkəb olmalıdır. Əgər aşığamsa, ancaq "Yad ağlar, yalan ağlar"la kifayətlənmək də primitivlikdir.
- Bəstəkar Kamal müəllimlə uzun illərdir müştərək layihələriniz yaranır. Maraqlıdır, sizin iş mexanizminizdə ilk şeir yaranır, ya əvvəl mahnı hazır olur?
- Bu da çox mürəkkəb bir mexanizmdir. Məşhurlardan biri deyib ki, siz bilsəydiz poeziya necə murdar mühitdə yaranır, onu oxumağa dəyməzdi. Yəni söhbət yaradıcılıq mətbəxindən gedir. Necə yaranmağı bəzən sirri-xudadır. Çirkli bir ortamda yaranır. İstər şeir, roman, istərsə də başqa bir sənət əsəri. Əsas nəticədir. Dünyanın ən gözəl qadını mətbəxdə elə cazibədar görünə bilməz. Mətbəx təbii ki, çirkli olur. Mahnı mətbəxində də həm belə olur, həm elə. Mahnının musiqisi də əvvəl yarana bilir, sözü də. Baxır vəziyyətə. Əsasən isə əvvəl musiqi yaranır. Kamal müəllimlə çalışanda əsasən əvvəl musiqi yaranır. Çox bəstəkarlarla işləyirəm. Kamal müəllimlə işbirliyimizdə bir də "Xalq Heydər" şeri yazılıb, sonra Kamal müəllim ona musiqi əsəri bəstələyib. Təbii ki, istisnalar olur. Əsasən musiqi yaranır. Çünki Kamal müəllim elə bir adamdır ki, o, günün 24 saatında hansısa vaxt tapıb, melodiyanı fikirləşir. Biz illər boyu işləmişik, dostuq. Ona görə də melodiyanı eşidən kimi bilirəm ki, Kamal müəllim nəyi nəzərdə tutub, burda hansı söz olmalıdır, hansı ölçüdə. Yarım sözdən biri-birimizi başa düşürük.
- Yazdıqlarınıza özünüz inanırsınızmı?
- Əlbəttə, inanıram. Əgər inanmasam, yaza bilmərəm. Mənim üçün həyatda ən böyük kriteriya inamdır. İnam olmasa, yaratmaq mümkün deyil. İnam ailəni də qoruyur, dövləti də, cəmiyyəti də. Allaha sevgi də inamdan yaranmalıdır. Şair inanmasa, yarada bilməz. Vacib deyil sən yazdıqlarını şəxsən yaşayasan. Sən bu cəmiyyətdəsən, deməli, ətrafda baş verənləri görmək, müşahidə etmək, şahid olmaq imkanın var. İnsanın genində milyon illik keçmiş, gələcək var. Normal yaradıcı insan yaddaşının, geninin dərinliklərinə varis ola bilir. Dərin, mürəkkəb yaradıcılıq onda yaranır. Rəssam var ki, yuxularını rənglərin dili ilə təsvir edir. Yaradıcılıq budur.
Tahirə Məmmədqızı
Milli.Az