Bölgə-bölgə gəzən seriallar

9 Noyabr 2018 23:39

Tamaşaçı evdən çıxmaq, təbiəti görmək istəyir 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Son zamanlar serial və kino aləmində yeniliklərin baş verməsi sevindirici məqamdır. Bizi sevindirən ikinci bir məsələ odur ki, serialların əksəriyyəti Azərbaycanın səfalı bölgələrində çəkilir. Həmin seriallarda rayonlarımızn gözəlliyi nümayiş etdirilməklə yanaşı, bölgələrdə yaşayan, uzun  müddət teatr səhnələrində çalışmalarına baxmayaraq, simaları hələ də tanınmayan aktyorlar da rol alırlar. Maraqlısı da orasındadır ki, həmin serialar böyük reytinq toplayır. 

Biz də bölgələrimizdə serial çəkən rejissor və aktyorlarla söhbət etdik. Onlardan bölgələrdə çəkilən serialların gətirdiyi üstünlüklər və yaratdığı problemlər barədə soruşduq.  
 
"Darvazanın bir tərəfini günəş vururdu, digər tərəfi isə qar idi"
 
"Xəzər" telekanalında yayımlanan "Xalxın evi" serialı başladığı gündən bəri böyük reytinq toplayıb. Xızıda çəkilən serialın baş rejissoru Ramin Hacıyev bizimlə söhbətində bildirdi ki, tamaşaçılara gülüş dolu dəqiqələr bəxş etməklə bərabər, eyni zamanda Xızının səfalı təbiətini də nümayiş etdirirlər: "Artıq iki ildir ki, çəkilişlərimizi Xızıda aparırıq. Burada çəkiliş aparmaq bizim üçün olduqca rahatdır. Ona görə ki, kameranı həyətdə quraşdıranda təbiət qoynunda haranı çəkirsən çək, insanın gözünə ancaq gözəllik görünür. Düzdür, Azərbaycanın bütün bölgələri gözəldir, səfalıdır. Amma biz Xızını şəhərə yaxın olduğu üçün seçdik. Demirəm ki, çətinliklərimiz olmur. Əlbəttə, komandanı toplamaq, hər dəfə avadanlıqları özümüzlə bərabər Xızıya gətirmək bir az çətindir. Ancaq bizə Xızıda çəkmək xoşdur. Davamlı olaraq burada qalmırıq. Bu ideya mənim idi. Çoxdandır ki, bölgələrimizin birində serial çəkmək istəyirdim. "Xəzər" telekanalına gələndə ilk fikrim o oldu ki, serialı bölgələrimizin birində çəkək. Mənim bu istəyim özünü doğrultdu. Belə ki, "Xalxın evi" serialı tamaşaçıların sevgisini qazandı və yaxşı reytinq gətirdi". Serialın layihə rəhbəri olan rejissor bildirdi ki, əsas məqsəd Xızının füsunkar təbiətini nümayiş etdirmək və komediyanı tək paytaxtda axtarmamaq idi: "Xızının dağları, təbiəti bizim seriala xüsusi gözəllik verir. Biz serialda özümüzdən bir kənd adı icad etmişik. Hadisələrin baş verdiyi kəndin adına şərti olaraq "Aşağıgüdazlı" kəndi deyirik. Məqsəd odur ki, hansısa kəndin adını çəkib, kimsə incik salmayaq. Ola bilər ki, tamaşaçılar tərəfindən başqa cür qarşılansın. Mən əvvəl istəyirdim ki, çəkilişləri Göygöldə, Lənkəranda edək. Amma paytaxta yaxın olduğu üçün serialı Xızıda çəkməyə qərar verdik. Xızı camaatı bizə çox köməklik edir. Onlar çəkiliş prosesini maraqla qarşılayırlar. Bu özü də bizə pozitiv əhval-ruhiyyə verir". Rejissor çəkiliş proseslərində yaranan maraqlı hadisələrdən də danışdı: "Bizdə bir aydan bir çəkilişlər getdiyi üçün filmin sonunda ağacın altında yatırlar. Serialın o hissəsini oktyabrın əvvəli, davamını isə noyabrın sonunda çəkməli olduq. Serilada qəhrəmanlar yaşıl ağacın altında yatırlar. Səhər gözlərini açıb oyananda ağacda bir yarpaq yox idi. Lələşin traktorla gəlib darvazanı açdığı səhnə var.  Həmin kadrda darvazadan içəri giriş səhnəsini saxladıq ki, bir aydan sonra gəlib çəkərik. Bir aydan sonra qayıdanda  gördük ki, Lələşin darvazadan içəri daxil olacağı hissə tamamilə qarla örtülüb. Dizə qədər dar var idi. Darvazanın bir tərəfini günəş vururdu, digər tərəfi isə qar idi".

"Təbiətdə çəkilən seriallar tamaşaçıların marağına səbəb olur" 
 
Lənkəran Dövlət Dram Teatrının istedadlı aktyoru, əməkdar artist Niftulla Əskərov deyir ki, bölgələrdə çəkilən seriallar həm bölgə aktyorlarının, həm də həmin regionun tanıdılması baxımından təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. "Ümumiyyətlə regionda çəkilən bütün seriallar dadlı və ləzzətli olur. Tamaşaçı bu serialları Bakıda otaqlarda, ofislərdə çəkilmiş seriallardan daha yaxşı, səmimi və həyatın içindən götürülmüş kimi qəbul edir. Tamaşaçı evdən çıxmaq, təbiəti görmək istəyir. İzləyicilərimiz bölgələrimizdə çəkilən seriallarda yaşıllıqları, təbiəti görür və bundan böyük zövq alır. Biz də onlara məhz bunu göstərməyə çalışırıq. Təbiətdə çəkilən seriallar tamaşaçıların marağına səbəb olur". Aktyor bildirdi ki, rejissorların bölgələrdə serial çəkilişlərini dəstəkləyir: "Rejissorların serialları məhz səfalı bölgələrdə çəkmək istəklərini dəstəkləyirəm. Aktyorlar xalqın içində olmalıdır. Çünki onların içində kiçik bir rola çəkilərkən, verdikləri reaksiyanı görürük. Hazırda çəkildiyim serialda da bizi kənardan insanlar izləyir və onların reaksiyaları adamda xoş təsir bağışlayır. Həmin səhnələri ekrandan görərkən, tamaşaçılar böyük həzz alırlar. Artıq tamaşaçı Bakının dar küçələrini, ofislərini görmək istəmir. Bu, onlar üçün maraqlı deyil. Tamaşaçı həyatı, təbiəti görmək istəyir. Peşəkar aktyor üçün zamanın və məkanın fərqi yoxdur. Peşəkar üçün bu, elə də böyük əhəmiyyət kəsb etmir. Əsl peşəkar həbsxanada, dörd divar arasında da keyfiyyətli iş ərsəyə gətirir. Biz izləyicilərimizin zövqünü oxşamalıyıq. Tamaşaçılar serialda rol aldığımız səhnələri izləyir və hətta sual verirlər ki, doğurdan o dağların başı qardır? Bəzən zəng edib təşəkkür edirlər ki, bizim uşaqlıda gəzdiyimiz o küçəni göstərirdiniz". Niftulla Əskərov onu da əlavə etdi ki, bölgələrdə serialların çəkilməsi, eyni zamanda bölgə aktyorlarının tanınmasında böyük rol oynayır: "Lənkəran Teatrında istedadlı aktyorlar çoxdur. Tamaşaçılar onları niyə tanımasınlar? Tamaşaçını yormaq olmaz. Tamaşaçı yeni bir obraz, sima, aktyor görmək istəyir. Bölgələrimizin hamısında istedadlı aktyorlarımız çoxdur. Bu seriallar həmin aktyorların da tanınmasında böyük rol oynayır. Hamıya bir gözlə baxmaq lazımdır. Rejissorlar artıq bu xətlə getmək istəyirlər". 
 
"Lənkəran-Bakı yolunda qalmışdım" 
 
Bir neçə il öncə ATV telekanalında nümayişinə başlanılan "Günəşim ol" serialı da Lənkəranda çəkilirdi. Serialda tanınmış aktyorlarla bərabər, Lənkəran Teatrının aktyorları da rol almışdı. Baş qəhrəman Günel Məmmədova bizimlə söhbətində serialların regionlarda çəkilməsini yaxşı hal kimi qiymətləndirdi: "Əslində çox sevindirici haldır ki, seriallarımız nəinki paytaxtda, hətta bölgələrdə də çəkilir. Onu da qeyd etmək istədim ki, ilk olaraq bölgədə serial çəkmək fikrini "Oskar" şirkəti reallaşdırdı. Bildiyiniz kimi, hətta bölgələrdə də fəaliyyət göstərən aktyorlar bu layihədə rol aldılar. Bunun özü də təqdirəlayiq haldır. Bizim həqiqətən də çox istedadlı aktyorlarımız var. Bu tip layihələr onların bölgələrdən kənarda da tanınmasına şərait yaradır. Amma bu, heç də asan deyildi. Mən şəxsən öz adıma deyə bilərəm ki, çətin bir layihə idi. Çünki mən serial, filmlərlə yanaşı, teatr aktrisasıyam. Teatrdakı məşqlərə görə, dem ək olar ki, Lənkəran-Bakı yolunda qalmışdım. Vaxtımın çoxu yollarda keçirdi. Elə olurdu ki, axşam tamaşasını oynayıb çıxandan sonra səhər Lənkərana qayıdırdım. Növbəti axşam isə yenidən Bakıda olmalı idim. Amma çətinliklərə baxmayaraq, o günlər yaddaşıma çox xoş xatirələrlə həkk olundu. Əgər belə bir təklif yenə olarsa,, məmnuniyyətlə qəbul edərəm".

Milli.Az