Dopinq aşkarlanan idmançılarımızla bağlı federasiyadan AÇIQLAMA: "Millidən uzaqlaşdırmışıq"

31 Oktyabr 2018 12:04

Azərbaycanın 6 taekvondoçusunun topinqdən istifadə etdiyinə görə 1 il müddətinə diskvalifikasiya olunduğu barədə məlumatı diqqətinizə çatdırmışdıq.

Məsələ ilə bağlı Azərbaycab Taekvondo Federasiyasını vitse-prezidenti Niyaməddin Paşayevlə əlaqə saxladıq. Federasiya rəsmisi Milli.Az-a verdiyi açıqlamada məlumatı təsdiqləyib:

"Respublika çempionatında iştirak edən bütün idmançılardan test götürüldü. 6 idmançımızda qadağan olunmuş maddələr aşkarlandı. Həmin idmançılar 1 il müddətinə bütün yarışlardan uzaqlaşdırılıb. Bu müddət ərzində heç bir rəsmi yarışda iştirak etməyəcəklər. Həmçinin biz onları milli komandadan da uzaqlaşdırmışıq. Cəza müddətləri başa çatana kimi millinin təlim-məşq toplanışlarına qatılmayacaqlar".

Qeyd edək ki, Azərbaycan Milli Antidopinq Agentliyinin keçirdiyi dopinq testi nəticəsində (AMADA) Cavid Hüseynov, Samir Məhərrəmov, Yunis Məmmədzadə, Şəms İsayeva, Nərgiz Mirzəyeva və Ofeliya Allahverdiyevadan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu təsbit olunub və onların hamısı 12 ay müddətinə diskvalifikasiya olunub. 

Elçin Əlixan
Milli.Az