“Amazon”un sahibi iki günə 19 milyard dollar itirib

30 Oktyabr 2018 19:12

Hazırda dünyanın ən varlı insanı - "Amazon" internet ticarəti kompaniyasının sahibi Ceff Bezosun sərvəti iki gün ərzində 19,2 milyard dollar azalaraq çox qısa zaman kəsiyində baş verən maliyyə itkiləri üzrə yeni rekord müəyyən edib.

Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bundan əvvəlki rekordun sahibi Mark Sukerberq iyulun 27-də "Facebook" kompaniyasının aksiyalarının qiymətinin 20 faizdən çox ucuzlaşması səbəbindən 16,5 milyard dollar itirmişdi.

"Bloomberg" agentliyinin məlumatına əsasən, "Amazon"un aksiyalarının ucuzlaşması səbəbindən Bezosun özü də "kasıblayıb". Belə ki, oktyabrın 26-da kompaniyanın qiymətli kağızları 7,8 faiz, oktyabrın 29-da isə daha 6,3 faiz ucuzlaşıb. Aksiyaların ucuzlaşması reteylerin üçüncü rüb üzrə məruzəsinin dərc olunmasından sonra baş verib. Məruzədə sentyabrın 30-da başa çatan üç aylıq maliyyə dövründə kompaniyanın gəlirlərinin gözlənilən 57,1 milyard dollardan az - 56,6 milyard dollar olması barədə məlumat əksini tapıb.

Agentlik hazırda Bezosun varidatını 128,1 milyard dollar həcmində qiymətləndirir. Halbuki ötən ayın əvvəlində onun sərvəti 167,7 milyard dollar təşkil edirdi.

Milli.Az