Yenə gəliblər - Bu səfər nə qədər əhəmiyyətlidir?

30 Oktyabr 2018 21:04

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri başlayıb. Səfərin məqsədi ilə bağlı ATƏT-dən bildiriblər ki, Minsk qrupunun həmsədrləri Cənubi Qafqaz regionuna səfərləri çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tərəflərini gərginliyin azaldılması üçün səyləri davam etdirməyə çağıracaqlar:


ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərinin məqsədi açıqlandı

"Həmsədrlər səfər çərçivəsində regiondakı vəziyyəti nəzərdən keçirir və tərəfləri Düşənbədə liderlərin əldə etdiyi razılaşmadan sonra gərginliyin azaldılması üçün səyləri davam etdirməyə çağırır. Onlar, həmçinin danışıqlar prosesinin fəallaşdırılması və digər addımları müzakirə edirlər".

Lakin vasitəçilərin regiona məhz indi səfər etməsi və məqsədin də gərginliyin azadlması olması ilə bağlı verilən açıqlama o qədər anlaşılan deyil. Ümumiyyətlə, həmsədrlərin bu səfəri heç də birmənalı qarşılanmır. Bəziləri bunu sülh danışıqlarının davam etdirilməsi baxımından normal hadisə hesab etsələr də, digərləri bu addımı mənasız hesab edir.

Məsələn, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin indiki məqamda regiona səfər etməsi əhəmiyyətsiz bir şeydir:

"ATƏT-in səfərin məqsədi ilə bağlı məlumatı yalnız söz yığnağıdır. Onlar hər səfərdən əvvəl eyni sözləri deyirlər. Bu sözlərin ümumiyyətlə əhəmiyyəti yoxdur. Niyə? Ermənistan parlament seçkilərinə hazırlaşır. Nikol Paşinyan bu dəqiqə Qarabağ yox, seçkiləri düşünür. Onun məqsədi hazırda dekabrda parlament seçkilərində qalib gəlməkdir. Bu hələ qələbə çalacaq, hökuməti formalaşdıracaq, daha sonra 2-3 ay da keçəcək, yalnız bundan sonra bəlkə o, Qarabağ məsələsi ilə məşğul olmağa başlaya.

Ümumiyyətlə, hesab edirəm ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin bu ərəfədə bölgəyə səfər etməsi tam mənasızdır. Çünki seçkilər varsa, onun nəticələrini gözləməlidirlər. Ondan sonra Ermənistanda kim baş nazir olacaqsa, onunla danışıqlar aparılmalıdır.

Azərbaycana da gəlmələrinin əhəmiyyəti yoxdur, çünki Azərbaycanın öz mövqeyini dəfələrlə bildirib və mövqe onlara bəllidir.

İndiki halda Ermənistan nəsə addım atmalıdır ki, sülh prosesi real işləməyə başlasın. Lakin onlar bu addımı atmırlar. Ona görə də bu səfəri əhəmiyyətsiz hesab edirəm".

Politoloqun fikrincə, həmsədrlərin gəlib-getməsinin nə cəbhədə gərginliyə, nə də Ermənistanda seçkilərin gedişinə hansısa təsiri olacaq: "Bu səfərin Ermənistana da bir o qədər sərf etdiyini düşünmürəm. Paşinyan bununla xal qazanası deyil. Etiraf etmək lazımdır ki, onun reytinqi heç də aşağı deyil və böyük ethimalla rəhbərlik etdiyi partiya parlamentdə səs çoxluğu qazanacaq. Həmsədrlərin gəlib-gəlməməsi də onun reytinqinə ciddi təsir göstərməyəcək.

Bölgədə gərginliyin aradan qaldırılmasına gəlincə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Düşənbə görüşündən sonra onsuz da bu gərginlik nisbətən azalıb. Düzdür, atəşkəs pozulur, amma bu daha əvvəlki qədər deyil. Ona görə də belə açıqlamalar mənasızdır. Bu səfər cəbhə xəttində gərginliyin azalmasına təsir etməyəcək. Bir daha deyirəm, əgər atəşkəs intensiv pozulurdusa, Düşənbə görüşündən sonra bu intensivlik azalıb. Əslində, Ermənistan indi özünü gərək sakit aparsın. Əsk halda cəbhə bölgəsində vəziyyət gərginləşsə, seçkilərin gedişi pozula, hətta baş tutmaya bilər. Bundan da Paşinyana müxalif qüvvələr, Sarkisyan və Köçaryan istifadə edə bilər. Bu da Paşinyanın maraqlarına cavab vermir. Elə məhz ona görə Paşinyanın seçkilərin vaxtını 2019-u ilin mayından 2018-ci ilin dekabrına geri çəkdi ki, məsələni qısa müddətdə bitirsin. Birincisi, qorxur ki, Rusiya hansısa müdaxilə edə bilər, ikincisi isə daxildəki müxalif qüvvələr ona qarşı çevriliş planını hərəkətə gətirə bilər. Onun əsas qorxusu məhz bunlardır. Paşinyan indi bunları dəf etməyə çalışır. Yoxsa həmsədrlərin gəlib-getməsi onun üçün o qədər də maraqlı deyil".

İlkin İzzət
Milli.Az