Bakıda avtobus sürücülərindən şikayət haraya edilməlidir?

22 Sentyabr 2011 14:18
Milli.Az xəbər portalının məlumatına görə, daha bir paytaxt sakini Day.Az saytına şikayət məktubu ilə müraciət edib. 9-cu mikrorayondan metronun "Nəriman Nərimanov" stansiyasına gedən 27 saylı avtobusdan şikayətçi olan sakin bu marşrutda işləyən avtobusların pis vəziyyətdə olduğunu, üstəlik, sürücülərin hərəkət cədvəlinə əməl etmədiklərini, özlərini mədəniyyətsiz apardıqlarını bildirir. "Kimə şikayət edək?", - deyə Bakı sakini sual edir.

Məsələyə münasibət bildirən Nəqliyyat Nazirliyinin rəsmisi Namiq Həsənov deyib: "Qeyd olunan faktlar haqda məlumatsızam. Amma belə problem varsa, onunla məşğul olunmalıdır. Mən bu haqda Nəqliyyat Nazirliyi yanında "Bakısərnişinnəqliyyat" ASC-yə məlumat verəcəm. Faktlar təsdiqini taparsa, həmin sürücülərə qarşı tədbirlər görüləcək".

N.Həsənov bildirib ki, qeyd olunan faktlarla rastlaşan sərnişinlər Nəqliyyat Nazirliyinin "qaynar xətt"inə (567-85-21) və "Bakısərnişinnəqliyyat" ASC-nin "qaynar xətt"inə (561-76-29) müraciət edə bilərlər.

Milli.Az