Bakıda beynəlxalq biznes forum keçiriləcək

29 Oktyabr 2018 14:38

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurasının sədri olan Azərbaycan Sahibkarlar  Konfederasiyası (ASK) tərəfindən noyabrın 2-də Bakıda Qara Dəniz regionunda kiçik və orta sahibkarlığın inkişafına həsr edilmiş beynəlxalq biznes forum təşkil olunacaqdır.

ASK-dan Milli.Az-a verilən məlumata görə, Forumda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin sahibkarları, biznesə dəstək təşkilatları Azərbaycanda olan real investisiya imkanları, hal-hazırda icra edilən investisya layihələri haqqında yaxından tanış olacaq, habelə sahibkarlar arasında əməkdaşlıq əlaqələrinin artırılması məqsədilə B2B görüşlər təşkil ediləcəkdir.

Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) 1992-ci il iyunun 25-də İstanbul şəhərində da 11 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə yaradılıb. Hazırda Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Ermənistan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna bu nüfuzlu beynəlxalq təşkilatın üzvləridir.
   Qurumun əsas məramı çoxtərəfli siyasi-iqtisadi əməkdaşlıq modeli kimi regional siyasi problemləri həll etmək, habelə bölgəyə sülh və əmin-amanlıq gətirməklə yanaşı üzv ölkələr arasında iqtisadi əməkdaşlığı gücləndirməkdən ibarətdir. Məhz təşkilatın üzv dövlətləri arasında biznes əlaqələri inkişaf etdirmək məqsədilə QDİƏT Biznes Şurası fəaliyyət göstərir.Azərbaycan Sahibkarlar  Konfederasiyası (ASK) bu ilin iyul ayının 1-dən etibarən 6 ay müddətinə Biznes Şuraya sədrlik edir.

Yusif Nəsirli
Milli.Az