Neft bumu dövrü geridə qaldı - Qiymətlər sürətlə düşür

25 Oktyabr 2018 12:05

Proqnozlaşdırdığımız kimi, neftin dünya bazar qiymətində azalma müşahidə edilir. Son 2 gündə "qara qızıl" 5 faizdən çox dəyər itirib.

Milli.Az xəbər verir ki, bu barədə tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.


Ekspertin sözlərinə görə, neftin ucuzlaşmasının əsas səbəbi dünya iqtisadiyyatı üçün sağlam hesab edilməyən yüksək qiymətlər fonunda qlobal iqtisadi böhran riski olsa da, burada Səudiyyə Ərəbistanın enerji nazirinin son açıqlamasndan sonra birjalarda sözügedən ölkə ətrafındakı gərginliyin qiymətləri yüksəltməyəcəyi əminliyinin formalaşması da az təsiri olmayıb: "Buna paralel olaraq Amerika Neft İnstitutu isə Birləşmiş Ştarlarda hasilatın artması barədə açıqlama yaydı. Digər tərəfdən, BP rəhbəri də nefti 1 barelinin məqbul qiymətini 60-65 dollar intervalında görür. Neft bazarı İrana tətbiq edilən yeni sanksiyaların da psixoloji və iqtisadi təsirlərinə artıq adaptasiya olundu. Deməli, neftin qiyməti yenidən 60 dollaradək azalarsa, bu heç də təəccüb yaratmamalıdır. Nəinki istehlakçılar, hətta istehsalçılar da "bahalı neft dövrünün" başlanmasında maraqlı görsənmir. Birjalar "neft şokunun" təkrarlanmasında həvəsli deyil. Bu isə o deməkdir ki, neft bumu dövrü bütün anlamlarda geridə qaldı".


Qeyd edək ki, səudiyyəli jurnalist Camal Haşoqqinin Səudiyyə Ərəbistanın İstanbuldakı konsulluğunda qətlindən sonra böyük qalmaqalla üzləşən və Qərbin güclü tənqid və təzyiqlərinə məruz qalan rəsmi Ər-Riyad özünü dünyaya sevdirmək üçün neftin qiymətini aşağı salmağa başlayıb.

İlkin İzzət
Milli.Az