Yalan danışmağı yaxşı bacaran kadrlar axtarılır, əmək haqqı yüksəkdir

23 Oktyabr 2018 14:56

Yazıçının əsas öhdəliklərindən biri də yaşadığı cəmiyyəti incələyib əsas əlamətləri üzə çıxarmasıdır. Bəyəndin bəyənmədin, razılaşdın razılaşmadın, fərq etməz, insanların həyatını, nəyə necə baxmasını, nədən hürküb, nəyə güc gəlməsini qələmə almaq, mətnləşdirmək gərəkdir. Baba kişinin sözü olmasın, o qədər mənfi cəhətimiz var ki, az qala hər iki əlimizin barmaqlarının sayı qədər. Amma Baba kişi sadəlövhdür, düz demir, yalan danışır. Əttökən xüsusiyyətlərimizi, eybəcərliklərimizi azaldır. Xəyali barmaqlarını da açıb sadalamır.

Əvvəlcə bu boğazdanyuxarı adlandıracağınız ümumiləşdirmə ilə başlayıb: hamımız bir-birimizi aldadırıq. Yalanlarımızdan həqiqət qayırıb başqalarına sırıyırıq. Özü də bu, yorğan sırımaqdan fərqli olaraq çətin və zəhlətökən təsir bağışlamır.

Yalanlar başlayır məişətdən, ailədən. Ər arvada yaxşı həyat, arvad uşaqlarına dadlı yemək vəd verir. Cari vəziyyətləri, bacarıqları ilə barışmaq istəmirlər. Yalanların sayı artdıqca, narazılığın da arealı böyüyür. Heç bir tərəf olduğu kimi görünmək istəmir. Səmimiyyəti qatlayıb evin ən sivri küncündə bükülü qalan köhnə kitelin cibində gizlədirlər. Böyüdükcə uşaqlar da bu yalan-yalan oyununa qoşulmağa həvəslənirlər. Oğul gündəliyindəki 2-dən 5 düzəldir. Qız aylardır öyrənə bilmədiyi notlardan yalan bəstələyib ata-anaya danışır, oxuyur. Məhv, parçalanma qaçılmazdır.

Həyətdə kimin halını xəbər alsan, "yaxşıyam" deyəcək. Sözarası hansısa məşhurdan stat gətirəndə qarşındakı sözünü kəsib "bilirəm" deyəcək. Hamımız olmadığımız rayonlarda olmuşuq, getmədiyimiz dağ kəndlərində bulaq suyu içmişik.

Küçədə iş elanı görürsən. Yazılıb: yüksək maaşa yaxşı işlərimiz var. Yollanırsan həmin gözqamaşdıran ofisə. Başlayırlar səni sorğu-suala tutmağa. Bacarmadıqlarını da bacardıqlarının gözünə qatıb üyüdüb tökürsən. Sonra 2-3 nəfər bir-birinin üstünə göndərir səni. Onlara da az əvvəl danışdıqlarını çatdırırsan. Yavaş-yavaş məlum olur ki, nə sən deyən iş varmış burda, nə də xəyal etdiyin maaş. Sadəcə, 5-10 manat qoparıb, səni dinləyib, yalanlarına qulaq asıb evə yollamaq istəyiblər. Şübhəsiz, həmin "işəgötürənlər" iş axtaranların çox şeyi yalan deyəcəklərini bəribaşdan bilirlər. Dolayı yolla yalandanışanlar axtarırlar. Yüksək əmək haqqı verəcəklər axı. Ay verdilər ha...

Ətrafımdakı 5-10 insanın hamısını dinləyib cəmiyyətimizin bütün əksiklərini mənimsəmişəm. Bu 5-10 nəfər 500-600 min adamın adından danışıb. İnsanlarımızın yalanı necə sevdiklərini, yalansız qala bilmədiklərini, aldatmaq ehtiraslarını başa düşmüşəm. İgid obrazına girib oralarda eşələnən Şamilin (red. - adlar şərtidir) hansısa məqamda yaltaq və fırıldaqçıya çevrildiyini görmüşəm. İnsansevər, kimsənin xətrinə dəyməyən Məmmədin evindəki kirayəşinə qarşı istibdadçı və mütiliklə dolu qətiyyətini seyr etmişəm. Təxəyyülümdə belə canlandıra bilmədiyim kişi, qadın xəyanətlərinin şahidi olmuşam. Ac qalmamaq, tanınmaq, oxunmaq üçün özüm də dəfələrlə yalanla silahlanmışam.

Görürük ki, təriflənəsi bir şeyimiz qalmayıb, başlayırıq başqasından qəhrəman düzəltməyə. Məhsulumuz o dəqiqə alınır. Çünki yalana ac cəmiyyətik. Tərif etmək, bəyənmək, iyrənmək, qorxmaq, söymək bizimçün heç nədir. Uşaq işidir. 2 dəqiqəyə 50 hala giririk. Kədərlənirik, şaqqanaq çəkirik, utanırıq, cəmi 2 dəqiqədə baş verir bunlar. 2 dəqiqə deyirəm ey.

Sonda yaşadığımız cəmiyyətdən aldığımı ümumi təəssüratı bölüşmək istəyirəm. Düşünürəm ki, bizdə vəziyyət belədir: yaşlılara ümid yoxdur, gənclərə etibar. Bu iki məqamı düzəltmək lazımdır. Mümkün qədər ümidli və etibarlı olmalıyıq. Danışanda da ümidli yalan danışaq. Məsələn, hər şey yaxşı olacaq!

Orxan İsmayıl
Milli.Az