Azərbaycanın media təmsilçilərinin Gürcüstana səfəri uğurlu nəticələrlə yekunlaşıb - FOTO

22 Oktyabr 2018 17:57

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin və jurnalist təşkilatlarının təmsilçiləri oktyabrın 17-dən 20-dək Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində işgüzar səfərdə olublar.

Milli.Az xəbər verir ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan Trend-ə verilən məlumata görə, Fondun "Azərbaycan Xalq Cümhuriyyəti ili" ilə bağlı hazırladığı Tədbirlər Planı çərçivəsində gerçəkləşən səfər media nümayəndələrini Cümhuriyyət yaradıcılarının dövlətçilik fəaliyyəti və zəngin ideya irsi ilə yaxından tanış etmək, habelə bu ölkənin kütləvi informasiya vasitələri ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək məqsədi daşıyıb.

Səfərdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Cəmaləddin Quliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov, "Ədalət" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Aqil Abbas, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev, "Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev, "Trend" İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyev, Fondun Müşahidə Şurasının üzvü Əvəz Rüstəmov, habelə aparıcı məsləhətçiləri Samir Mustafayev və Mirsəid Ağayev iştirak ediblər.

Səfərin ilk günü - oktyabrın 18-də media təmsilçiləri və Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov Tbilisi şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Parkında ümummilli lider Heydər Əliyevin abidəsini ehtiramla ziyarət edib, önünə çiçək dəstələri düzüblər.

Media təmsilçiləri sonra Tbilisidəki Botanika bağına gələrək köhnə müsəlman qəbiristanlığında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olmuş Həsən bəy Ağayevin, Fətəli Xan Xoyskinin, eləcə də görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin məzarlarını ziyarət ediblər.

Səfər çərçivəsində media nümayəndələri daha sonra Tbilisi şəhərində 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin "İstiqlal Bəyannaməsi"nin elan edildiyi tarixi bina ilə tanış olublar. Azərbaycanlı jurnalistlərə məlumat verilib ki, Gürcüstan dövlətinin və Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal bəyannamələrinin elan edildiyi tarixi bina çar Rusiyası dövründə Qafqaz canişinliyinə məxsus olub və hazırda "Gənclər evi" kimi fəaliyyət göstərir.

Bildirilib ki, 1918-ci il fevralın 23-də binada Gürcüstan, Azərbaycan və Ermənistan təmsilçilərindən ibarət Zaqafqaziya Seymi çağırılıb. Seymdə müsəlmanlar say etibarilə üstünlük təşkil ediblər. Həmin dövrdə müsəlman fraksiyasının 44, Gürcüstan sosial demokratlarının 32, ermənilərin isə 27 üzvü Seymdə təmsil olunub. Qeyd olunub ki, Gürcüstan 1918-ci il mayın 26-da Zaqafqaziya Seymindən çıxdığını bəyan edib və bununla da Seym buraxılıb. Mayın 27-də Seymin azərbaycanlı nümayəndələri müvəqqəti Milli Şuranın yaradıldığını elan ediblər və Şuraya sədrlik Məhəmməd Əmin Rəsulzadəyə həvalə olunub. Bir gün sonra Milli Şuranın 26 üzvünün iştirak etdiyi ilk iclasda "İstiqlal Bəyannaməsi" qəbul olunub. Beləliklə, 1918-ci il mayın 28-də Tbilisinin mərkəzində yerləşən bu tarixi binada Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması rəsmən elan edilib. Yeni yaranmış hökumət və Milli Şura iyunun 16-dək, yəni Gəncəyə köçürülənədək həmin binada fəaliyyət göstərib.

Azərbaycan nümayəndə heyətinin üzvləri bina ilə yaxından tanış olublar. Media təmsilçiləri bir vaxtlar gərgin müzakirələrin aparıldığı "Güzgülü salon"da, sənədlərin imzalandığı "Ağ salon"da və qərarların oxunduğu, iclasların keçirildiyi "Qırmızı salon"da olub, binanın bağçasında xatirə fotosu çəkdiriblər.

Həmin gün Azərbaycanın media təmçilçiləri və Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov Gürcüstan parlamentində olublar. Fondun icraçı direktoru Vüqar Səfərli, eləcə də Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov Azərbaycanın media nümayəndələrinin Tbilisiyə səfərinin məqsədi barədə məlumat veriblər.

Fondun icraçı direktoru Vüqar Səfərli iki strateji tərəfdaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsində kütləvi informasiya vasitələrinin rolunu xüsusi qeyd edib. İcraçı direktor hər iki ölkənin media nümayəndələri arasında birbaşa əlaqələrin yaradılması, informasiya mübadiləsinin təmin edilməsi üçün qarşılıqlı səfərlərin və tədbirlərin təşkilinin vacibliyini bildirib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə ikitərəfli əlaqələrin dinamik inkişafında parlamentlərin rolunu xüsusi vurğulayaraq beynəlxalq tədbirlərdə hər iki ölkənin parlamentarlarının taleyüklü məsələlərdə eyni mövqedən çıxış etmələrini yüksək qiymətləndirib.

Gürcüstanın GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Gürcüstan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvü Giorgi Mosidze bildirib ki, ölkəsi Azərbaycan ilə əlaqələrin bütün sahələrdə inkişafında maraqlıdır. O, deputatların və KİV nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili və intensivləşdirilməsi üçün səylərini artıracağını bildirib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Oktyabrın 19-da media təmsilçiləri səfərin təşkilinə hərtərəfli dəstək verən Azərbaycanın Gürcüstandakı səfirliyində olublar. Qonaqlar əvvəlcə səfirliyin binasında yaradılmış iş şəraiti ilə yaxından tanış olublar.

Səfir Dursun Həsənov qonaqları səmimi salamlayaraq onlara səfirliyin diplomatik missiyası, habelə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətləri barədə ətraflı məlumat verib. Diplomat Azərbaycanın Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr sırasında ilk yerlərdən birini tutduğunu xüsusi diqqətə çatdırıb. Azərbaycan dövlətinin bu ölkədə yaşayan soydaşlarımıza hər cür qayğı göstərdiyini xüsusi qeyd edən səfir Dursun Həsənov deyib: "Gürcüstanın ali məktəblərində təhsil alan yerli tələbələrin əksəriyyətinin təhsil haqqı Azərbaycan dövləti tərəfindən ödənilir. Azərbaycan Təhsil Nazirliyi Gürcüstandakı Azərbaycan dilli məktəblərin dərslik problemlərinin həlli məqsədilə bu ölkəyə hər il minlərlə dərs vəsaiti göndərir. Azərbaycan dövlətinin dəstəyi ilə Gürcüstanda bir neçə məktəb tikilib, onlarla məktəb əsaslı təmir olunaraq soydaşlarımızın ixtiyarına verilib. Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərində minlərlə soydaşımız işlə təmin olunub".

Fondun icraçı direktoru Vüqar Səfərli öz növbəsində Azərbaycan jurnalistlərinin Gürcüstana səfərinin məqsədi barədə məlumat verib, habelə səfərin təşkilinə verdiyi dəstəyə görə səfir Dursun Həsənova və səfirliyin əməkdaşlarına təşəkkürünü bildirib.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və səfirliyin birinci katibi Vüqar Mustafayev çıxış edərək Gürcüstandakı soydaşlarımızı narahat edən bəzi məsələlərin - xüsusilə də Azərbaycan dilində məktəblərin sayının azalması və müəllim kadrların hazırlığı sahəsində bəzi problemlərin olduğunu vurğulayıblar. Görüşdə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Trend" İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyev, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli çıxış edərək səfirliyin Gürcüstandakı soydaşlarımızın problemlərinə göstərdiyi diqqət və qayğını yüksək dəyərləndiriblər. Media nümayəndələri səfirliklə ölkənin aparıcı KİV-ləri arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli təkliflər səsləndiriblər.

Görüşün sonunda icraçı direktor Vüqar Səfərli Fondun xatirə hədiyyəsini səfir Dursun Həsənova təqdim edərək Azərbaycanın Gürcüstandakı səfirliyi ilə ölkənin aparıcı media qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün bundan sonra da bütün zəruri tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.

Azərbaycanın media təmsilçiləri daha sonra Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət ediblər. Muzeyin direktoru Leyla Əliyeva qonaqlara muzeyin fəaliyyəti, habelə burada nümayiş olunan sənəd və eksponatlar barədə məlumat verib. Muzeylə tanışlıqdan sonra media təmsilçiləri Tbilisi şəhərinin azərbaycanlı və gürcü icmalarının nümayəndələri, habelə tanınmış politoloq və jurnalistlərlə görüşüblər.

Fondun icraçı direktoru Vüqar Səfərli qonaqlara səfərin məqsədi barədə məlumat verərək hər iki ölkənin media qurumları arasındakı əlaqələrin, habelə informasiya mübadiləsinin genişləndirilməsi zəruriliyini diqqətə çəkib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Məmmədov, Gürcüstan Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, hüquqşünas Fərhad Musayev çıxış edərək Gürcüstan-Azərbaycan münasibətlərinin bütün sahələrdə dinamik inkişaf etdiyini bildirib, habelə soydaşlarımızı qayğılandıran məsələlərlə bağlı fikir və rəylərini bölüşüblər. Müzakirələr zamanı Gürcüstanın və Azərbaycanın media qurumları arasındakı əməkdaşlığın gələcək perspektivlərinə toxunulub.

Gürcüstan Demokratik Hərəkatının təmsilçisi, politoloq Levon Çixeidze, Gürcüstan Strateji Araşdırmalar İnstitunun siyasi məsləhətçisi Gela Vasadze, Gürcüstan-Azərbaycan ictimai və mədəni əlaqələr fondunun rəhbəri Tengiz Txilava, politloq Simon Kopadze və başqaları Azərbaycanla Gürcüstan arasında ictimai-siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər. Gürcüstanı təmsil edən politoloqlar ölkələrimizin etnik separatçılıq zəminində 20 faiz torpaqlarının işğal altında olduğunu xatırladaraq milli həqiqətlərin dünyaya çatdırılması üçün birgə səylərin gücləndirilməsi vacibliyini vurğulayıblar.

Görüşün sonunda Fondun icraçı direktoru Vuqar Səfərli Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinə Fondun xatirə hədiyyəsini təqdim edib.

Gürcüstanda səfərdə olan media təmsilçilərinin oktyabrın 19-da Marneuli rayonunda yaşayan soydaşlarımızla görüşü də maraqlı müzakirələrlə yaddaqalan olub. Fondun icraçı direktoru Vüqar Səfərli soydaşlarımızı salamlayaraq bu ilin may ayında Azərbaycan və Gürcüstanda ilk demokratik respublikanın yaranmasının 100-cü ildönümünün tamam olduğunu xatırladıb. İcraçı direktor bu səfərin də məhz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar hazırlanmış Tədbirlər Planı çərçivəsində reallaşdırıldığını söyləyib.

Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımızın qayğıları ilə hər zaman yaxından maraqlanır və həllinə dəstək verir. O bildirib ki, görüşün azərbaycanlıların yığcam yaşadıqları Marneulidə kecirilməsində məqsəd həm də soydaşlarımızın problemləri ilə yaxından maraqlanmaqdır.

Marneulidə yaşayan azərbaycanlılar tədbirdə çıxış edərək Azərbaycan dilində orta məktəblərin sayının ildən-ilə azalması, dərsliklərin çatışmazlığı, ixtisaslı pedaqoqların azlığı kimi çətinliklərlə üzləşdiklərini vurğulayıblar. Fondun icraçı direktoru Vüqar Səfərli və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov imkan daxilində bu problemləri Azərbaycanın aidiyyəti dövlət strukturlarının diqqətinə çatdıracaqlarını vurğulayıblar.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Cəmaləddin Quliyev, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev və başqaları soydaşlarımızın qaldırdıqları məsələlərə münasibət bildiriblər. Diqqətə çatdırılıb ki, Gürcüstan hökuməti bu ölkədə yaşayan soydaşlarımızın problemlərinə diqqətlə yanaşır, onların həllinə çalışır. Azərbaycan dövləti də qarşılıqlı dostluq və əməkdaşlıq şəraitində soydaşlarımızın problemlərinin həllində öz köməyini əsirgəmir. Vurğulanıb ki, Azərbaycan dövlətinin bu qayğısı davamlı xarakter daşıyır və soydaşlarımızın cəmiyyətə fəal inteqrasiya prosesinə bundan sonra da kömək göstəriləcək.

Səfərin üçüncü günü - oktyabrın 20-də Azərbaycanın media təmsilçiləri Tbilisi şəhərində görkəmli ictimai-siyasi xadim, yazıçı Nəriman Nərimanovun ev-muzeyini ziyarət ediblər. Qonaqlara muzeydə nümayiş olunan eksponatlar, əşya və sənədlər barədə ətraflı məlumat verilib.

Günün ikinci yarısında media təmsilçiləri sərbəst qrafik əsasında Tbilisi şəhərinin tarixi mədəniyyət abidələri və digər görməli yerləri ilə tanış olublar. Bununla da nümayəndə heyətinin Gürcüstana səfəri başa çatıb.

Milli.Az