Tələbəlik illərində bir tələbə yoldaşımla birgə qorxu və təlaş içində imkan tapıb universitetin psixoloquna getmişdik. Bizdə nəsə baş verirdi və onu araşdırmaq istəyirdik. Bunun qeyri-adi psixoloji hadisə olduğunu düşünmüşdük. Və ona görə də narahat idik. Və o möhtəşəm an:
"dəyərli müəllim, müəyyən müddətdən bir hər hansı bir hadisə və ya hiss bir neçə saniyəlik daha əvvəl olmuş kimi gözümdə canlanır və sonrakı mərhələlərdə nələr baş verəcəyi ilə üst-üstə düşür" demişdim. O isə "narahat olmayın, bu, elmə məlum olan normal psixoloji hadisədir. Bunun elmdə adı dejavudur" demişdi.
Bəzən rastlaşdığımız hər hansı bir hadisə və ya bir hiss bizə tanış gəlir və bu anı daha əvvəl yaşadığımızı zənn edirik. "Mən bu anı daha əvvəl yaşamışam". Bu cümlə çoxumuza tanışdır və bunun niyə baş verməsi hamımıza maraqlı gələr.
Əgər sizdə də belə hallar baş verirsə, o zaman diqqətiniz bu yazıda olsun.
Milli.Az moneta.az-a istinadən bildirir ki, böyük ehtimal ki, əksəriyyətinizdə bu hal baş verib. Harasa getdiyiniz zaman bu yerə daha əvvəl getdiyinizi və ya hər hansı bir hadisə və hissi daha əvvəl yaşamış kimi gözünüzdə canlandırırsınız. Təsəvvür edin, əlinizi saçınıza apararkən qolunuzdan saat yerə düşür və əyilib götürərkən saatın qırılması hadisəsi baş verərkən bunun daha əvvəllər də baş verməsi anını yaşayırsınız. Bax bu dejavudur.
Dejavu fransız sözü olub, mənası "artıq görülmüş" kimi tərcümə olunur və 97% insanın həyatı boyunca bir dəfə belə olsa, bu baş verir. Bu, adətən yeniyetmələrdə daha tez-tez baş verir və adətən 30 yaşdan sonra başvermir.
Dejavu - ilk dəfə baş verən hadisəni daha əvvəl də gördüyümüz və yaşadığımız, ilk dəfə gedilən yerdə artıq bir dəfə olduğumuz hissini oyandıran illuziya deməkdir. Dejavunu qısaca olaraq "xəbərsiz tanışlıq" kimi xarakterizə etmək olar. Bu tanışlıq adətən qorxu, yadlıq və qəribəlik hissləri ilə müşayət olunur.
Araşdırmalara görə Dejavunun bir insanda həftədə bir və ya iki dəfə olması normaldır, lakin bu halların daha tez-tez təkrarlanması və mütəmadi hal alması beyin pozğunluğunun ilkin göstəricisi ola bilər.
Dejavu hər nə qədər elmə məlum olsa da onun dəqiq hansı səbəbdən baş verməsi məlum deyil. Bu mövzuda psixoloq, fizik, filosoflar fərqli fikirlər irəli sürmüşlər.
Deja vekyu (artıq yaşanmış)
Deja senti (artıq hiss edilmiş)
Deja vizit (artıq gedilmiş)
Dediyimiz kimi dejavu demək olar ki, insanların əksəriyyətində baş verir və nədən qaynaqlandığına dair müxtəlif yanaşmalar mövcuddur. Ancaq, epilepsiya və şizofreniya kimi narahatlıqları olan şəxslərin daha çox dejavu yaşadığı müəyyən olunmuşdur. Yəni daha çox psixoloji narahatlıqları olan və stress vəziyyətində olan insanlar bu vəziyyətlə daha çox üzləşirlər.
Dejavunun əksi isə Jamevu adlanır. Bu, tanış yerləri və ya insanları, yəni artıq görülmüş şeyləri ilk dəfə görürmüş kimi hissin yaranmasıdır.
Milli.Az