Azərbaycanda avtomobillərdə hansı rəngli şüşələrin istifadəsinə icazə verilir?

21 Sentyabr 2011 09:15
Sübhi adlı oxucu Milli.Az xəbər portalına ünvanladığı məktubda göstərib ki, onun avtomobilinin arxa yan şüşələrinin 25 %-lik plyonkasını söküblər: "Mənə maraqlıdır ki, hansı qanuna əsasən avtomobilin arxa yan süsələrində 25 %-lik plyonkanı söküb, cərimə yazırlar? Mən araşdırdım. DYP-nin saytında hamısı yazılıb. Xahiş edirəm, mənə bir cavab yazın".

Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, "Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavə"də avtomobilin yan şüşələrinin görüntüsünü məhdudlaşdıran örtük (pərdə və ya plyonka) çəkməyə icazə verilmədiyi göstərilib.

Şöbə rəisi qeyd etdi ki, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir: "Arxa şüşə dedikdə, elə arxa şüşəsi nəzərdə tutulur. Ancaq bu gün sürücülərin çoxu küləyə qarşı olmayan, yan şüşələri arxa şüşə kimi qələmə verib, plyonka çəkirlər. Bu da qanunla qadağan olunur. Ancaq sənaye üsulu ilə hazırlanmış tünd şüşələrin vurulmasına icazə verilir ki, bu haqda da Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 saylı standartı var".

Onun sözlərinə görə, bu standarta uyğun olaraq, minik avtomobillərində sürücü üçün görünüşü təmin edən sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin işıqburaxma qabiliyyəti və tündlüyü aşağıda göstərilən hədlərdə olmalıdır:
 
- nəqliyyat vasitəsinin qabaq şüşəsinün tündlüyü 25%-dən çox, işıqburaxma qabiliyyəti 75%-dən az olmamalıdır,

- küləyə qarşı olmayan qabaq yan şüşələr üçün tündlük 30%-dən yuxarı, işıqburaxma qabiliyyəti 70 %-dən az olmamalıdır,

- küləyə qarşı olmayan arxa yan şüşələr üçün tündlük 40 %-dən çox, işıqburaxma qabiliyyəti 60 %-dən az olmamalıdır.

K.Əliyev xəbərdarlıq etdi ki, şüşələrin tündlüyü qeyd olunan göstəricilərdən artıq olduqda nəqliyyat vasitələrinin istismarı qadağan olunur.

Anar Məmmədov
Milli.Az