Jurnalisti mahnı sədaları altında doğrayan kişinin FOTOsu - Britaniyada təhsil alıb

18 Oktyabr 2018 09:36

Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna girdikdən sonra bir daha xəbər alınmayan jurnalist Camal Haşoqqinin ölümü ilə bağlı araşdırmalar davam etdirilir.

Milli.Az bildirir ki, onu işgəncə ilə öldürənlərdən birinin adı açıqlanıb. New York Times-ın məlumatına görə, "The Washington Post" qəzetinin köşə yazarı Camal Haşoqqini öldürən şəxsin adı Salah əl-Tubaqidir. O, qışqırıqları eşitməmək üçün yüksək səsli musiqi sədaları altında dəmir kəsən mişarla Haşoqqinin bədənini parçalayıb.

Salah əl-Tubaqi Britaniya universitetinin məzunudur. O, 2004-cü ildə Qlazqo universitetini bitirib. Autopsiya üzrə ekspert kimi fəaliyyət göstərib. Salah Haşoqqinin ölümündə şübhəli bilinən 15 nəfərdən biridir. Onun oktyabr ayının 2-də Atatürk hava limanında görüntülənməsi iddiaları daha da gücləndirir.

Qeyd edək ki, Camalın diri-diri, işgəncə ilə öldürüldüyü anın səsyazısı onun şəxsi "Apple" qol saatına düşüb. Haşoqqi 7 dəqiqə ərzində işgəncə ilə öldürülüb.

Bəxtiyar Umarlı
Milli.Az