Azərbaycanda sosial xidmət sahəsində inqilab olacaq - DOST mərkəzlərinin yaranmasına az qaldı

16 Oktyabr 2018 07:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sosial ədaləti pozanlara qarşı çox ciddi tədbirlər görüləcəyini qeyd edərək, bu məqsədlə yaradılacaq DOST mərkəzlərinin əhəmiyyətini yüksək dəyərləndirib:

Azərbaycan Prezidenti: Sosial ədaləti pozanlara qarşı çox ciddi tədbirlər görüləcək

"Sosial sahədə ciddi islahatlar aparılır. Nazirliyin yeni rəhbərliyinə mənim tərəfindən çox ciddi tapşırıqlar verildi ki, sosial ədaləti pozanlara qarşı çox ciddi tədbirlər görülsün. Bu sahədə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə çox ciddi aparılmalıdır və hazırda aparılır, şəffaflıq təmin edilir, bu sahədə yol verilmiş pozuntular aradan qaldırılır. İnzibati və institusional yollarla bu sahədə də ən müasir elektron texnologiyalar tətbiq olunmalıdır ki, şəffaflıq və ədalət tam təmin edilsin. Mənə görülən işlərlə bağlı müntəzəm olaraq məlumat verilir. Sosial sahədə biz "ASAN xidmət"in analoqunu yaradırıq - Dayanıqlı və Operativ Sosial Təminat mərkəzləri, bunun adı da yaxşıdır - DOST mərkəzləri, mənası da yaxşıdır. Hesab edirəm ki, bu sahədə vətəndaşlar yaxın gələcəkdə müsbət dəyişiklikləri görəcəklər, artıq görürlər. İndi yerlərdən məlumat gəlir, ancaq biz hələ islahatların birinci mərhələsindəyik".

Qeyd edək ki, Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi" publik hüquqi şəxsin (DOST Agentliyi) və DOST mərkəzlərinin yaradılması istiqamətində nazirlikdə müvafiq işlər aparılır. Bu Fərman Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dövlət sosial xidmətlərinin geniş bir hissəsinin - əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və s. üzrə 120-dən çox xidmətin "bir pəncərə"dən operativ, sadələşdirilmiş prosedurlarla, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunması ilə bağlı təşəbbüsünün reallaşmasına təminat verib.

Məsələ ilə bağlı Milli.Az-ın sorğusuna cavab olaraq ƏƏSMN-dən bildiriblər ki, Fərmanla yaradılacaq DOST mərkəzləri Nazirliyin fəaliyyət sahələrinə aid 126 xidməti əhatə edəcək. İlk DOST mərkəzinin isə cari ilin sonunadək Bakıda yaradılması planlaşdırılıb və bu istiqamətdə hazırda zəruri işlər davam etdirilir. Nazirliyin tabeliyində yaradılacaq DOST agentliyi və DOST mərkəzləri sosial xidmətlərin sadələşdirilmiş prosedurlarla şəffaf və operativ təşkilini təmin edəcək. Hazırda bu mərkəzlərin fəaliyyətinin təşkili ilə bağlı müvafiq qanunvericilik bazası yaradılır.

Azərbaycanda Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi yaradılır

Nazirlikdən onu da bildiriblər ki, Prezident İlham Əliyevin məlum Fərmanında əksini tapan tapşırıqlara uyğun olaraq, DOST Agentliyi və mərkəzlərinin yaradılması üçün konkret tədbirləri nəzərdə tutan yol xəritəsi hazırlanıb və bu əsasda müvafiq işlərin vaxtlı-vaxtında görülməsi də təmin olunur. Fərmanla DOST Agentliyi və mərkəzlərinin fəaliyyətini təmin etmək məqsədilə bir sıra normativ hüquqi aktların layihələrinin, habelə müvafiq təkliflərin hazırlanması işləri aparılıb. Həmçinin, Agentliyin və mərkəzlərin təşkilati strukturunun, iş rejiminin, ştat vahidlərinin və sayının, kadrların seçimi, hazırlığı və işə qəbulu mexanizminin müəyyən olunması, DOST mərkəzlərində göstəriləcək xidmətlərin siyahısının, bu xidmətlərin göstərilməsi qaydasının və s. hazırlanması istiqamətlərində işlər görülüb. Müvafiq xidmətlər üçün tələb olunan sənədlərin minimuma endirilməsi məqsədilə qanunvericilikdə dəyişikliklərin edilməsi ilə bağlı təkliflər də hazırlanır.

Hazırda İKT-nin və innovativ həllərin geniş tətbiqinə əsaslanan infrastrukturun qurulması, elektron sistemlərin qarşılıqlı inteqrasiyasının təmin olunması, sosial reyestrin formalaşdırılması işləri görülür. Bu işlər çərçivəsində xüsusilə Prezident İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən "e-sosial" internet portalının yaradılması təmin olunacaq ki, bu da DOST mərkəzlərinin fəaliyyəti üçün elektron infrastrukturda əsas alətlərdən biri olacaq. Yəni portal əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin vahid platforma üzərindən elektron formada təqdim edilməsinə imkan verəcək. Mərkəzlərdə fiziki və hüquqi şəxslərin xidmətlərdən istifadə prosedurlarının sadəliyi, çevikliyi, müraciət edən vətəndaş üçün rahatlığı, tam şəffaflığı, xidmətlərin sistemləşdirilmiş formada vətəndaşlarla açıq iş şəraitində təqdim olunması, vətəndaşların müvafiq məlumatlara çıxışına, məsləhət xidmətlərindən yararlanmalarına imkan yaradılacaq. Yalnız əyani şəkildə müraciət edənlərin deyil, bilavasitə, telefon və ya internet vasitəsilə müraciət edənlərin mərkəzlərin səyyar və digər üsullarla xidmətləri ilə təminatına şərait yaranacaq.

Ümumilikdə DOST mərkəzlərinin yaradılması ilə ölkədə sosial xidmətlərin göstərilməsində inqilabi dəyişikliklərin olacağı gözlənilir. Burada prosedurlar sadələşdiriləcək, xidmətlər daha şəffaf yerinə yetiriləcək. Ən əsası, xidmət növləri vahid mərkəzdə toplanıb idarə edildiyinə görə vaxt itkisi olmayacaq. Belə ki, Nazirliyin bir sıra xidmətləri bir mərkəzdə bir pəncərədən operativ şəkildə, vahid standartlar əsasında təqdim olunacağına görə vətəndaşların bir neçə idarə gəzərək vaxt itirməsinə ehtiyac qalmayacaq. Məsələn, əvvələr təxminən bir ay davam edən sənəd toplama və təqdim etmə prossesi DOST mərkəzlərinin sayəsində üç günə yekunlaşacaq. Yəni uzun illər bir sıra sosial təminat sahələrində insan faktoruna görə yaranan problemlər indi tamamilə elektronlaşdırılaraq vətəndaşların xidmətinə veriləcək.

Qeyd edək ki, DOST mərkəzlərinin yaradılmasında ASAN Xidmət mərkəzlərinin təcrübəsindən yararlanılacaq. Bu məqsədlə ƏƏSMN ilə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair memorandum da imzalanıb. Prezident İlham Əliyevin "Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" 9 avqust 2018-ci il tarixli Sərəncamı ilə isə DOST Agentliyinin fəaliyyətinin təşkili və DOST mərkəzlərinin yaradılması, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədi ilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq ƏƏSMN-ə 2 milyon manat vəsait ayrılıb.

İlkin İzzət
Milli.Az