"Buna sən yox, xalq qərar verə bilər" - Elçindən xanəndələrə cavab

15 Oktyabr 2018 14:05

Müğənni Elçin Cəfərov muğam ifaçılarının tənqidinə cavab verib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bildirib ki, "ATV maqazin onlarla"da dediyi sözlərin belə qarşılanmasına təəccüblənib:

"Səmimi, zarafatyana deyilmiş, içində heç bir təhqir olmayan, lakin doğruluq payı olan sözünün xanəndələr tərəfindən belə aqressiv qarşılanacağını düşünməzdim. Mən heç kəsin sənəti ilə bağlı heç bir fikir bildirmədim.

Hörmətli Babək Niftəliyev, sizin sözünüzdən belə çıxır ki, dövlət tərəfindən verilmiş ada sahib olan sənətçilər istədikləri sözü hər hansı bir sənətçiyə rahatlıqla deyə bilər? Mən "kimsə" yox, uşaqlıqdan səhnədə xalqımın zövqünü oxşayan və çox şükür ki, hər baxımdan özümü təsdiqləmiş bir sənətçiyəm.

Hörmətli paralel sinif yoldaşım İlkin Əhmədov, xatırladım ki, mənim musiqi təhsilim muğam üzrədir və biz yaşıdıq. Sənətimin kiçikliyinə və böyuklüyünə isə sən yox, xalq qərar verə bilər.

Hörmətli Zakir Əliyev, mənə verilən sual əsasında öz fikrimi söylədim və heç kimin də xətrinə dəyəsi söz demədim, lakin siz bunu birbaşa sənətə bağlayırsınız. Siz özünüz də yaxşı bilirsiniz ki, mənim sənətim var, yoxsa yoxdur.

Əlavə olaraq qeyd etmək istəyirəm ki, mən Tükəzban İsmayılova, Mələkxanım Əyyubova, Tələt Qasımov və İslam Rzayevdən muğam təhsili almışam. Heç kəslə qarşı-qarşıya oxumaqdan da çəkinmirəm. Bu mehribançılığınız və birliyiniz məni çox sevindirdi".

Qeyd edək ki, Elçin xanəndələrlə bağlı "Saçlarına xına qoyurdular, qırmızı görsənirdi. Ola bilər ki, yaşlı görsənsinlər. Müəyyən məclislərə onları dəvət etməsinlər" sözlərini deyib. Onun fikirlərinə muğam ifaçıları sərt cavab verib.

Milli.Az