İnsanların dərdlərini onların öz dilindən, özlərinin ifadə etdiyi şəklində dinləyəndə mənzərə daha anlaşılan olur. Hər hansı tanımadığın qapını döyüb oradakı insanların problemlərini xəbər alsan, mütləq azı bir nəfər ah-fəryad edib vaxtilə götürdüyü krediti ödəyə bilməyəcəyini deyəcək. Onu bəlayla, taunla, vəbayla müqayisə edəcək.
Kimi dindirsən ki, bəs qaytara bilməyəcəyini bilə-bilə niyə bu yükün altına girmisən, o qədər problem sadalayacaq ki, bu cansıxıcı sayımda məcburən onunla hesablaşmalı, problemlərinin nəhəngliyinə inanmalı olacaqsan. Az qala, kredit adlı faciənin tarixini insanlığın tarixiylə eyniləşdirəcəksən.
Burada çıxış yolu axtarmaq bilavasitə çətindir. Necə olsa, hər ayın əvvəli, ya sonu borcunu ödəməlisən. Yaxud ödəyə bilmirsən. Başqa nə çıxış yolu ola bilər ki?
Bir neçə banka borcu olan biri kimi bu qayğı mənə də doğmadır. Harda bank görürəm, borcum oldu-olmadı, canıma üşütmə keçir. Özümü ovutmaq üçün bir neçə qıvraq məshələt paketi hazırlamışam. Bilirəm ki, kreditlərlə bağlı hər şeylə maraqlanırsınız və bu məsləhətlərim də sizə maraqlı olacaq:
- Borcunuzu qaytara bilmədiyinizi kimsəyə deməyin. Xüsusən hansısa uzaq qohuma, qonşuya, tanışa-bilişə. Dərhal sizi haqlı sayıb dərdinizə şərik olacaqlar. Amma iş bununla bitmir. Başlayacaqlar öz dərdlərini, qaytara bilmədikləri borcları sadalamağa. Hamısının da mənəvi çəkisi yüklənəcək sizin üstünüzə. Ayda banka ödəməli olduğunuz 50-60 manat gözünüzdə 10 dəfə böyüyəcək.
- Əgər götürdüyünüz kreditdən əlinizdə heç nə qalmayıbsa, vəziyyət daha gərgindir. Buna görə də krediti götürən kimi üstündən müəyyən bir hissəni ayırıb dövr etdirmək gərəkdir. Ən azı bu proses kredit borcunuzla tamam üzülüşənə qədər davam etməlidir. Məsələn, qazanılması mütləq nəticə kimi görünən nəyəsə yatırım etmək olar.
- İqtisadi prosesləri yaxından izləyin. Ölkənin ölkəyə borcu olduğunu nəzərə alsaq, insanın banka borcunu olduqca təbii saymaq olar. Lakin hər hansı iqtisadi mühit və ya mütəxəssis məsləhəti banka olan borcunuza digər kontekslərdən yanaşmağa, bəlkə də həmin borcdan yaxa qurtarmağa kömək edə bilər.
- Borclu olduğunuz bankın əməkdaşlarıyla danışarkən o dəqiqə özünüzü yoxsul, krediti qaytara bilməyəcək qədər məzlum kimi göstərməyin. Unutmayın, onların sizə canı yanmayacaq. Əksinə, daha çox üzərinizə gedəcəklər. Belə halda ən yaxşı üsul bankın əməkdaşlarına vaxtla bağlı ümidlər verməkdir. Ən azı onları təmkininizlə inandırıb əlavə günlər qazana bilərsiniz.
- Məhkəməyə müraciət etmək də olar. Bu, birbaşa sizin iqtisadi durumunuzun hansı halda olmasından asılıdır. Hər halda, məhkəmə yolu ilə kredit borclarını azaldan, ayların sayını çoxaldanlar kifayət qədərdir. Mürəkkəb məsələ olsa da, cəhd etməyə dəyər.
Bəli, krediti götürəndə o, necə şirin təsir bağışlayırsa, qaytarmaq məqamı yetişəndə arzuolunmaz və dadsız xarakter alır. Ehtiyaclarımız bizi banklara qaçmağa məcbur edir. Sonunu düşünməyə səbrimiz çatmır. Lakin istənilən şəraitdə azı bir işıqlı yol tapmaq mümkündür. Qoy o yol həmişə bank kassalarından keçməsin. Başımızı qaşıya-qaşıya başqa variant axtaraq.
Orxan İsmayıl
Milli.Az