Azərbaycan Olimpiadada daha bir “bürünc” qazana bilər

13 Oktyabr 2018 23:14

Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan daha bir medal qazanmağa yaxındır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, güləşçimiz Şahanə Nəzərova (43 kq) mübarizəyə start verib.

B qrupunda yer alan Şahanə ilk görüşdə braziliyalı rəqibinə vaxtından əvvəl qalib gəlib. Nigeriyalı güləşçi də təmsilçimizə müqavimət göstərə bilməyib. Ancaq üçüncü görüşdə Şahanə son dünya çempionatının finalında uduzduğu amerikalı güləşçiylə bacarmayıb.

Ruhdan düşməyən Nəzərova qrupdakı son qarşılaşmasında fransalı rəqibinə qalib gələrək B qrupunu II yerdə tamamlayıb. Bu isə o deməkdir ki, Şahanə bir neçə saatdan sonra A qrupunda II yeri tutan həmkarıyla bürünc medal uğrunda görüşəcək.

Qeyd edək ki, Azərbaycan bundan öncə aktivinə bir qızıl, bir gümüş və bir bürünc medal yazdırıb.

Milli.Az