Almaniyadan oğurlanmış 170 min manatlıq avtomobil Azərbaycanda tutuldu - VİDEO

13 Oktyabr 2018 19:12

Azərbaycan vətəndaşı Babək Nəzərov kirayə adı ilə götürdüyü 170 min manatlıq avtomobili oğurlayıb.

O, Almaniyadan qaçırdığı son model avtomobillə Azərbaycanda tutulub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Azərbaycan vətəndaşı Babək Nəzərovun idarə etdiyi "Mercedes'' markalı son model avtomobil saxlanılıb.

Həmin avtomobilin sənədlərinə gömrük baxışı zamanı sənədlərin həqiqiliyi şübhə doğurub. Araşdırma aparılarkən məlum olub ki, avtomobil Almaniyanın Münxen şəhərində kirayə avtomobil verən şirkətlərdən birinə məxsusdur. Dindirmə zamanı Babək Nəzərovun digər cinayət əməlləri də üzə çıxıb.

Dövlət Gömrük Komitəsindən onu da bildirdilər ki, Babək Nəzərov avtomobili kirayə götürdükdən sonra onun dövlət nömrə nişanını da saxtalaşdırıb. Hətta Babək Nəzərov kirayə şirkətinin avtomobilin qaçırıldığından xəbəri olmasın deyə ön sağ farasını çıxararaq Almaniyada qoyub. Çünki həmin farada olan ''GPS'' vasitəsilə şirkət avtomobillərinin hansı ərazidə hərəkətdə olduğunu izləyirmiş. Fakta görə onun barəsində cinayət işi başlanıb, istintaq gedir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Almaniyadan oğurlanmış 170 min manatlıq avtomobil Azərbaycanda tutuldu