4 boksçumuz 1/4 finalda! - Avropa birinciliyi

13 Oktyabr 2018 15:04

Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyində 1/8 final mərhələsi başa çatıb.

Milli.Az xəbər verir ki, 31 ölkənin qatıldığı yarışda Azərbaycan millisinin daha 3 üzvü 1/4 finalda iştirak hüququ qazanıb.

Belə ki, Avropa çempionatının dördüncü günündə 4 boksçumuz rinqə çıxıb. Onlardan Türkeş Mustafayev (66 kq) 1/8 final çərçivəsində litvalı Edvinas Qriquola ilə üz-üzə gəlib. Qarşılaşma 4:1 (28:29, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb. Mustafayev 1/4 finalda İqor Kuznetsovla döyüşəcək.

80 kq çəki dərəcəsində qüvvəsini sınayan Murad Allahverdiyev də çıxışını qələbə ilə başa vurub. 1/8 finalda türkiyəli Əmir Böyükdağı 4:1 (29:28, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edən həmyerlimiz növbəti görüşündə Vladislav Novikovu (Belarus) sınağa çəkəcək.

Mustafayevlə Allahverdiyevin uğurunu Əhməd Əhmədov (+80 kq) da davam etdirib. İdmançımız serbiyalı Mixail Miliçə tam üstünlüklə qalib gəlib. O, yarımfinala gedən yolda Edvin Ostapenko (Litva) ilə münasibətinə aydınlıq gətirəcək.

70 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Mehman Quliyev isə ikinci görüşündə Nikolay Zafirova (Bolqarıstan) uduzub. Rəqib 5:0 (29:28, 29:28, 30:27, 30:27, 29:28) hesabı ilə qalib gəlib.

Qeyd edək ki, yarışın əvvəlki günündə Əli Zamanov (48 kq) da 1/4 finala vəsiqə qazanıb. O, Krasimir Churovla (Bolqarıstan) gücünü yoxlayacaq. Yarımfinalçıların adları isə bu gün dəqiqləşəcək.

Milli.Az