Andrey Şenin: "Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ üçün strateji cəhətdən vacib tərəfdaşdır"

13 Oktyabr 2018 14:29

"ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun Cənubi Qafqaz regionuna, xüsusilə də Azərbaycana planlaşdırılan səfəri ABŞ tərəfinin bu strateji vacib regiona marağını təsdiq edir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Qumilyov adına Avrasiya Milli Universitetinin regionşünaslıq kafedrasının professoru, amerikaşünas ekspert Andrey Şenin deyib.

A.Şeninin sözlərinə görə, səfər gündəliyinin əsas bəndləri Əfqanıstan və enerji məsələləri olacaq:

"Bunlar regionda ABŞ üçün prinsipial cəhətdən vacibdir. Əfqanıstanla bağlı Bolton yüklərin Xəzər limanları vasitəsilə nəqli barədə razılaşmaları müzakirə edəcək, enerji ilə bağlı isə böyük ehtimalla, söhbət reallaşan ayrı-ayrı biznes layihələrdən, eləcə də cari məsələlərdən gedəcək".

Azərbaycana gəldikdə isə, ekspert bildirib ki, hazırda ABŞ bu ölkəni regionda vacib strateji tərəfdaş qismində görür:

"Azərbaycan vasitəsilə Əfqanıstandakı ABŞ qoşunlarına böyük həcmdə yardım gedəcək, eyni zamanda TAP, TANAP magistral boru kəmərlərini unutmamalıyıq. Transadriatik boru kəmərinin reallaşdırılması ABŞ üçün prioritet məsələdir".

Milli.Az