Erməni generalları birləşmiş Rusiya-Ermənistan qoşun qruplaşmasının Qarabağa yeridilməsi haqda

13 Oktyabr 2018 10:39

Ermənistan-Rusiya birləşmiş qoşun qruplaşmasının mümkün Qarabağ müharibəsi zamanı tətbiq edilməsi məsələsi yenidən gündəmə gəlib.

Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, jurnalistlər bu haqda birləşmiş qoşun qruplaşmasının komandanı, general-mayor Tiqran Pərvanyandan soruşublar.

Qruplaşmanın Qarabağ istiqamətində hücumu dəf etməyə hazır olub-olmadığı haqda suala cavab olaraq general deyib ki, əslində bu qruplaşma Qarabağda hərbi əməliyyatlar üçün nəzərdə tutulmayıb. "Hadisələr necə inkişaf edəcək, biz bilmirik. Əlbətdə, biz bilirik ki, düşmən kimdir və hansı silahları var. Lakin hadisələr necə inkişaf edəcək, onu əvvəlcədən bilmək olmaz. Mən ancaq onu deyə bilərəm ki, əgər Allah eləməmiş, lazım gəlsə birləşmiş qruplaşma qarşıda qoyulmuş vəzifəni yerinə yetirməyə hazırdır"-Pərvanyan belə deyib.

Birləşmiş qruplaşmanın keçmiş komandanı, hazırda silahlı qüvvələrin Baş qərargah rəisi olan general Andranik Markaryan da bu mövzuda suala cavab verib. General deyib ki, Ermənistana təhdid yaranarsa "bütün güc və qüvvə tətbiq edilməlidir". Onun sözlərinə görə, bura qruplaşma da, ölkənin təhlükəsizliyini təmin etməli olan digər qüvvələr də daxildir.

"Qruplaşma Ermənistanın, regionun təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub. Yəni Ermənistanı təhlükənin gözləyə biləcəyi bütün istiqamətlər üçün"-Markaryan bildirib.

Milli.Az