"Oyun üslubunda bəzi dəyişikliklər olacaq" - Rəşad Sadıqov

13 Oktyabr 2018 09:24

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Bayıl Arenada mətbuat üçün açıq məşqi olub.

Milli.Az xəbər verir ki, məşqdən əvvəl yığmanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

"Qrupda son oyunumuz olacaq. Ümumi dəyərləndirmə etsək, nəticələr istədiyimiz kimi olmadı. Səfərdə bizi Norveç yığmasıyla çətin oyun gözləyir. Rəqibin gücü bəllidir, qrupdan çıxmaq uğrunda mübarizə aparır.

Yolun uzaqlığını nəzərə alaraq səfərə 3 gün əvvəl çıxacağıq. Yorğunluğu üzərimizdən atmaq, fiziki gücümüzü artırmaq üçün əlavə 2 dəfə məşq etmək imkanımız olacaq. Yaxşı əhval-ruhiyyədə, inamla oyuna hazırlaşırıq. Öz məqsədlərimiz var. Oyun üslubunda bəzi dəyişikliklər olacaq. Rəqibə öz oyunlarını oynamağa imkan verməməliyik. İlk dəqiqələrdən sonacan diqqətli oynamalıyıq. Norveçlə Bakıdakı oyunun ikinci hissənin əvvəlində oyunu əldən vermişdik. Yenidən həmin oyunun təkrarını izlədik. Bu dəfə 5-6 gənc oyunçunun oynamasına, təcrübə qazanmasına imkan yaradacağıq. Mənim üçün ən vacib məqamlardan biri məhz bu olacaq".

Milli.Az