Oktyabrın 11-də yerli media nümayəndələri öz güclərini yarış trekində sınayıblar.
Milli.Az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı ilə media nümayəndələri arasında Kartinq Çempionatı təşkil olunub. Bakı Kartinq Mərkəzində baş tutan çempionatda 40-dan çox yerli televiziya, radio, qəzet və onlayn sayt və agentliklərin jurnalistləri, fotoqrafları iştirak ediblər.
Çempionat təsnifat və final mərhələlərindən ibarət olub. Təsnifat mərhələsində jurnalistlər 4 qrup üzrə bölünərək mübarizə aparıblar. Hər qrupda trek üzrə ən yaxşı vaxt göstəricisi olan iştirakçı final mərhələsinə vəsiqə qazanıb.
Sonda finala vəsiqə qazanmış 10 nəfərdən ilk olaraq finiş xəttini "İdman Azərbaycan" televiziya kanalının aparıcı və şərhçisi Fərid Ramazanov keçib və çempionatın qalibi olub. Ondan sonra gələn "Azərbaycan Dövlət Teleqraf Agentliyi"nin fotoqrafı Roman İsmayılov və f-1.az saytının redaktoru Elçin Zodorov müvafiq olaraq 2-ci və 3-cü yerləri tutublar.
Yarışın qalibləri kubok və qiymətli hədiyyələr ilə təltif olunublar.
Qeyd edək ki, Kartinq Çempionatı Bakı Şəhər Halqasının təsis etdiyi "BCC Press Club" çərçivəsində təşkil olunub. "BCC Press Club" ölkə mediasının müxtəlif KİV-lərində çalışan jurnalistləri bir araya toplayan klub fəaliyyətidir. Klub mütəmadi olaraq jurnalistlər üçün tədbirlər, yığıncaqlar, debat görüşləri təşkil edir.
Zəfər Tağı
Milli.Az